Beynəlxalq Konkisürmə Birliyinin (ISU) yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri yarışına yekun vurulub.
SİA xəbər verir ki, turnirin sonuncu günündə 30 ölkədən olan 35 qadın idmançı sərbəst proqram üzrə çıxış edib.
Yarışın ümumi nəticələrinə əsasən, cənubi koreyalı idmançı Yuseong Kim 185.99 xalla turnirin ali kürsüsündə 1-ci yerə, yaponiyalı fiqurlu konkisürən Mayuko Oka 184.22 xalla 2-ci yerə, israilli idmançı Sophia Shifrin 176.95 xalla 3-cü yerə sahib olub.
Mükafatlandırma mərasimində buz üstündə rəqs proqramı üzrə cütlüklər və sərbəst proqram üzrə çıxış edən qadın idmançılar təltif olunublar.
Qaliblərə medalları Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev və federasiyanın baş katibi Günel Bədəlova təqdim edib.
Qeyd edək ki, Qran-Pri Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qış İdman Növləri Federasiyası və Beynəlxalq Konkisürmə Birliyinin təşkilatçılığı ilə keçirilib. Turnirdə 38 ölkədən 92 idmançı iştirak edib.
Yarışda Azərbaycanı fiqurlu konkisürmənin tək konkisürmə növündə idmançılarımız Səbinə Əliyeva, Leyli Axundova və Arina Kaluqina, buz üstündə rəqs növü üzrə isə Anna Obrayn və Dreyk Tonq təmsil ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə