“Robot Olimpiadası gənclərin gələcək texnoloji inkişafında mühüm rol oynayacaq” - Rəşad Xalıqov

“Bu yarışlar sadəcə bir idman və ya texnologiya tədbiri deyil, həm də gənclərin öz bacarıqlarını nümayiş etdirməsi və inkişaf etdirməsi üçün böyük bir platformadır. Robot Olimpiadası iştirakçıların yaradıcılıq, analitik düşüncə və komanda bacarıqlarını üzə çıxarmaqla yanaşı, onların gələcəkdə ölkəmizin texnoloji inkişafına töhfə verməsinə imkan yaradır. Bu cür layihələr gənclərin dünyagörüşünün genişlənməsinə və rəqabətədavamlı mütəxəssis kimi formalaşmasına şərait yaradır”. SİA xəbər verir ki, bu fikirləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyəti sədrinin müavini Rəşad Xalıqov VIII Respublika Robot Olimpiadasının açılış mərasimində səsləndirib.

O bildirib ki, Olimpiada beynəlxalq miqyasda da böyük əhəmiyyət daşıyır: “Azərbaycan gənclərinin bu yarışlarda iştirakı onların dünyada gedən texnoloji proseslərə inteqrasiyasına şərait yaradır. Eyni zamanda, ölkəmizin bu sahədə mövqeyini möhkəmləndirir. Gənclərin əldə etdiyi bilik və bacarıqlar gələcəkdə həm milli iqtisadiyyatın, həm də elm və innovasiyanın inkişafında mühüm rol oynayacaq”.

Rəşad Xalıqov çıxışında sonda bütün iştirakçılara uğurlar arzulayıb və qeyd edib ki, belə layihələr dövlətin gənclərə verdiyi diqqətin bariz nümunəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə