Voleybol hakimləri üçün seminar keçirilib

GİN-in Voleybol Mərkəzində yeni mövsümdə ölkəmizdə keçiriləcək yarışlarda iştirak edəcək hakimlər üçün seminar təşkil olunub. Seminarda əvvəlki mövsümlərdə fəaliyyət göstərmiş hakimlərlə yanaşı, hakimliyə yeni başlayan şəxslər də iştirak ediblər. SİA xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının (AVF) Hakimlər Komissiyasının sədri, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və sədr müavini, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev seminar iştirakçılarını salamlayaraq, qarşıdakı yarışlarda onlara uğurlar arzulayıblar.

Seminarda yeni qaydalar barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb. Ötən mövsümdə hakimlik etmiş şəxslər test imtahanından keçiblər. Hakimlərin yarışlara təyinatı test nəticələrinə əsasən müəyyən olunacaq.

Qeyd edək ki, AVF hər il hakimlərin bilik və bacarıqlarını artırmaq məqsədilə seminarlar təşkil edir. Yaxın günlərdə hakimliyə yeni başlayan şəxslər üçün də əlavə seminarlar keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə