“Avropa çempionatı iki ildən bir keçirilən mühüm beynəlxalq idman tədbiridir. Azərbaycan idmançıları bu mötəbər turnirdə daim fəal iştirak edir və ölkəmizi layiqincə təmsil edirlər. Mən 2023-cü ildə final mərhələsində moldovalı rəqibimə məğlub olmuş və gümüş medalla kifayətlənmişdim. Lakin bu il keçirilən yarışda həmin nəticənin revanşını aldım. Final görüşündə rəqibimi məğlub edərək qızıl medala sahib oldum”. Bu sözləri SİA-ya açıqlamasında paracüdoçu lham Zəkiyev deyib.
Onun sözlərinə görə, bu qələbənin simvolik əhəmiyyəti böyükdür: “Yarışın final mərhələsi 20 sentyabr tarixinə təsadüf edirdi. Həmin gün üçrəngli bayrağımız qürurla ucaldıldı və bu uğur bütün Azərbaycan xalqı üçün böyük fəxarət mənbəyinə çevrildi. Bu hadisə mənim şəxsi uğurum olmaqla yanaşı, ölkə idmanının nüfuzunu artıran mühüm tarixi hadisədir. Bu nailiyyətdə baş məşqçilərin, komanda yoldaşlarının və dövlətin dəstəyinin rolu əvəzsiz olub. Bütün şəhidlərimizin xatirəsini yad edir, bu qələbəni onların müqəddəs ruhuna və Ali Baş Komandanımıza həsr edirəm. Bu, mənim uğurumu yalnız idman meydançası ilə məhdudlaşdırmır, həm də milli dəyərlərə və vətənpərvərliyə bağlılığımı nümayiş etdirir".
Zəkiyev qeyd edib ki, yarış yüksək səviyyədə təşkil olunub və bütün iştirakçılar üçün normal, ədalətli şərait təmin edilib: "Qazanılan bu parlaq qələbə Azərbaycan idmanının inkişaf yolunda növbəti mühüm addımdır. Bu uğur həm də qarşıdakı beynəlxalq turnirlər, o cümlədən Paralimpiya Oyunları üçün mənim və həmkarlarım üçün əlavə stimul olacaq. Azərbaycan idmanı dünya miqyasında daha böyük zirvələrə doğru irəliləyir və hər yeni qələbə ölkəmizin gücünü, xalqımızın iradəsini bir daha təsdiqləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə