Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının finalında...

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatına start verilib.

SİA xəbər verir ki, ilk yarış günündə 4 çəkidə sərbəst güləşçilər mübarizə aparıb.

Nürəddin Novruzov (61 kiloqram) 1/8 finalda iranlı Ahmad Mohammadnejad Cavana 2:5 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz sabah təsəlliverici görüşə çıxacaq.

Kənan Heybətov (70 kiloqram) həm iranlı, dünya çempionatının 2 qat gümüş medalçısı Amirmohammad Yazdaniçeratiyə (15:4), həm də Baham adaları təmsilçisi Şannon Hannaya (10:0) tam üstünlüklə qalib gəlib. Onun 1/4 finalda ermənistanlı Avropa çempionu Arman Andreasyanla qarşılaşması gərgin mübarizə şəraitində keçib. Heybətov 6:3 hesablı üstünlük əldə etsə də, yekunda rəqibinə məğlub olub – 6:8.

Arseniy Djioyev (86 kiloqram) debütdə Puerto-Riko təmsilçisi Ethan Ramosdan güclü olub – 5:2. Ancaq 1/4 finalda yaponiyalı Hayato İşiquroya 8:13 hesabı ilə uduzub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz sabah təsəlliverici görüşə çıxacaq.

Giorgi Meşvildişvili (125 kiloqram) özbəkistanlı Xasanboy Raximova və macarıstanlı Vladislav Baytsayevə eyni hesabla (7:0) qalib gələrək karyerasında ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib. Giorgi yarımfinalda polşalı Robert Baranla üz-üzə gəlib. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Meşvildişvili karyerasında ilk dəfə dünya çempionatının finalına yüksəlib. Təmsilçimiz həlledici qarşılaşmada İranın titullu güləşçisi Amir Zare ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə