Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə cüdoçular arasında dünya çempionatında Azərbaycan milli komandası daha bir uğura imza atıb.
SİA xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən Zeyd Ələsgərov bürünc medal qazanıb. İdmançı əvvəlcə yunanıstanlı Aleksandros Polixronidis və braziliyalı Lukas Yamamotoya ipponla qalib gəlib. 1/4 finalda Yernur Batırğalıya (Qazaxıstan) məğlub olan cüdoçumuz təsəlliverici görüşdə macar Botond Kunyikini yuko ilə üstələyib. Həlledici qarşılaşmada isə yapon Toai Haşimaya ipponla qalib gələn təmsilçimiz mundialı üçüncü pillədə başa vurub.
Qeyd edək ki, ötən gün 50 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Anar Quliyev də eyni nəticə ilə yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə