Azərbaycanın altı cüdoçusu yeniyetmələrin dünya çempionatında mübarizəyə başlayır

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında dünya çempionatına start veriləcək. SİA-nın məlumatına görə, ilk yarış günündə dörd çəkidə qaliblər müəyyələşəcək.

Oğlanlarda 50, 55 kq, qızlarda 40 və 44 kq-da mükafatçılar bəlli olacaq.

Azərbaycan təmsilçilərindən 44 kq çəki dərəcəsində Gülşən Hüseynova 1/16 finalda Yana Pritulyakla (Rumıniya), Xədicə Abdullayeva isə eyni raundda Aynara Seitjanova (Qazaxıstan) ilə güləşəcək.

Oğlanlardan Rza Xəlilli 1/16 finalda Tsvetelin Martinovla (Bolqarıstan), Anar Quliyev (hər ikisi 50 kq) Narek Davtyan (Ermənistan) / Dikqang Kvadibana (Botsvana) cütünün qalibi ilə üz-üzə gələcək.

Nəhayət, Rəsul Əlizadə 1/16 finalda Badar-Uqan Badamdorjla (Monqolustan), Məhəmmədəli Hüsiyev (hər ikisi 55 kq) isə Viktor Uqo Silva (Braziliya) ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, dünya çempionatında fərdi müvarizə avqustun 30-da bitəcək. Avqustun 31-də qarışıq komanda yarışı baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə