Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.
SİA xəbər verir ki, yarışın altıncı günündə Ayxan Cavadov (60 kq) qızıl medal qazanıb.
Güləşçimiz finalda ermənistanlı Yurik Mxitaryanla qarşılaşıb. Fasiləyə 3:5 hesabıyla geridə yollanan Cavadov ikinci hissədə əzmkarlıq nümayiş etdirərək inamlı qələbə qazanıb – 12:5. Beləliklə, bu yarışda Ayxan ilk dünya çempionumuz olub. Ötən il U17 yaş qrupunda dünya və Avropa çempionu olan yunan-Roma güləşçimiz bu il eyni uğura U20 yaş qrupunda imza atıb.
Elmin Əliyev (82 kq) təsəlliverici görüşdə özbəkistanlı Azimcan Soatullayevə (0:8), Zəhra Kərimzadə (72 kq) isə rusiyalı U23 Avropa çempionu Kristina Bratçikovaya (tuş) məğlub olub.
Qeyd edək ki, DÇ-də medallarımızın sayı 6-ya çatıb. Daha öncə Ruzanna Məmmədova (62 kq) gümüş, Günay Qurbanova (59 kq), Vasif Bağırov (57 kq), Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə