Qəbələdə boks hakimləri üçün seminar keçirilib

Azərbaycanın boks hakimlərinin növbəti seminarı keçirilib. Azərbaycan Boks Federasiyasından (ABF) SİA-ya verilən məlumata görə, təlimlər Qəbələdə baş tutub.

Heydər Əliyev Mərkəzində keçirilən seminarda ABF-nin baş katibi Nağı Səfərov, Şəki−Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nağı Səfərov bildirib ki, ABF-nin əsas istiqamətlərindən biri hakimlərin yetişməsi, ulduzlarının sayının artırılması və ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etməsidir. Onun sözlərinə görə, bununla bağlı hər il müxtəlif təlimlər keçirilir, gənclərin hakimliyə cəlb edilməsi üçün lazımı addımlar atılır.

Ardınca ABF-nin Hakimlər Komitəsinin sədri Emil Qurbanəliyev seminarın gündəliyi barədə məlumat verib.

Professor, beynəlxalq dərəcəli hakim Qalib Əbiyev isə tətbiq olunacaq yeni qaydaları izah edib, lazımi tövsiyələrini verib. Yekunda hakimlərin sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə