Yeddi ölkə Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakını təsdiqləyib. Bu barədə SİA-ya Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Hazırda yarışda iştirak edəcək nümayəndə heyətlərinin qeydiyyatının davam etdiyi bildirilib.
Bu günə olan məlumata əsasən, MDB məkanını təmsil edən 7 ölkədən 23 idman növü üzrə ümumilikdə 1659 idmançı qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş nümayəndələrin ümumi sayı isə 2385 nəfərdir.
Komanda idman növləri üzrə – futbol (U-16), basketbol 3x3 və voleybol yarışlarında 6 ölkə iştirakını təsdiqləyib. Güləş, boks, cüdo və taekvondo kimi fərdi növlərdə isə 100-dən çox idmançı qeydiyyatdan keçib.
Qeyd edək ki, ilkin mərhələdə yalnız MDB ölkələrinin nümayəndə heyətləri qeydiyyatdan keçirilir. İkinci mərhələdə isə qeydiyyat MDB-yə üzv olmayan, yarışda xüsusi dəvət əsasında iştirak edən ölkələrin nümayəndə heyətləri üçün aparılır. Ümumilikdə Oyunlara dünyanın 23 ölkəsindən 5500-ə yaxın iştirakçının qatılması gözlənilir.
III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə