"Göstərilən diqqət və dəstək bu sahədə yeni nailiyyətlərə yol açır" - Həsrət Cəfərov

“5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ölkəmizdə idmana və sağlam həyat tərzinə verilən böyük önəmin bariz nümunəsidir". Bunu SİA-ya Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) deyib.

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə öz fikirlərini bildirib.

Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı vurğulayıb ki, bu gün biz idman ictimaiyyətinin nümayəndələri, Azərbaycan idmanının keçdiyi uğurlu yolu dəyərləndirir, gələcək inkişaf perspektivlərini nəzərdən keçiririk: "Azərbaycan idmanı son illərdə beynəlxalq arenada böyük uğurlar əldə edib. Ölkəmiz Olimpiya və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə öz sözünü deyərək, idman tariximizə parlaq səhifələr yazıb. Bu uğurların əsasında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi idman siyasəti dayanır. Azərbaycanda idmanın inkişafı üçün yaradılan müasir infrastruktur, idmançılar üçün göstərilən diqqət və dəstək bu sahədə yeni nailiyyətlərə yol açır".

Onun sözlərinə görə, bir idmançı olaraq daim çalışır ki, ölkəmizin bayrağını beynəlxalq arenalarda yüksəldə bilsin və Azərbaycan gəncləri üçün bir nümunəyə çevrilim: "İdman sadəcə fiziki güc deyil, həm də mənəvi dəyərlər, intizam və iradə deməkdir. Gənc idmançılarımıza tövsiyəm odur ki, daim öz üzərlərində çalışsınlar, böyük hədəflər müəyyən etsinlər və heç vaxt mübarizədən çəkinməsinlər. Çünki zəhmət və əzmkarlıq həmişə uğurun əsas açarı olub. Bu əlamətdar gündə bütün idmançılarımızı, məşqçilərimizi, idman mütəxəssislərimizi və bu sahəyə töhfə verən hər kəsi təbrik edirəm. Azərbaycan idmanı daim zirvələrdə olsun!”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə