Azərbaycan millisin atleti, ikiqat Paralimpiya çempionu Lamiyə Vəliyevanın SİA-ya müsahibəsini təqdim edirik:
- Qazaxıstanın Öskemen (Ust-Kamenoqorsk) şəhərində Olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda beynəlxalq yarışda iştirak etmisiz. Yarış barədə nələr deyə bilərsiz?
- Öskəmendə keçirilən beynəlxalq yarış mənim üçün çox vacib və dəyərli təcrübə oldu. 4x200 metr qarışıq estafet yarışında 1:31.80 nəticə ilə birinci yer tutmaq komandamızın gücünü və birlikdə uğur qazanmaq bacarığımızı göstərdi. Bu qələbə, mənim komanda növbəsindəki bacarığımı və məsuliyyətimi necə yerinə yetirdiyimi də ortaya qoydu. Yarış boyu maksimum sürət və düzgün taktika nümayiş etdirməyə çalışdım ki, komandamıza ən yaxşı nəticəni qazandıraq.
- Bundan əlavə 400 metr məsafəyə qaçışda göstərdiyiniz 55.78 saniyə nəticə ilə Azərbaycan milli rekordunu yeniləmisiz. Bu cür uğura imza atmaq necə bir hissdir?
- 400 metr yarışında 55.78 saniyəlik nəticə ilə Azərbaycan milli rekordunu yeniləmək mənim üçün qürurverici anlardan biri idi. Ancaq bu nəticə ilə kifayətlənmirəm, çünki daha yaxşısına qadir olduğumu bilirəm. Hədəfim bu zamanı daha da yaxşılaşdırmaq və beynəlxalq arenada daha güclü çıxışlar etməkdir.
- Yarış zamanı hansısa çətinlik çəkdinizmi?
- Yarış zamanı bəzi çətinliklər olsa da, bunlar idmanın bir hissəsidir. Əsas odur ki, bu çətinliklərin öhdəsindən gəlməyi bacardım və mübarizəni sona qədər davam etdirdim.
- Qarşıda nə kimi planlarınız var?
- Gələcək planlarıma gəldikdə, qarşıdakı yarışlara ciddi şəkildə hazırlaşıram və performansımı daha da yüksəltmək üçün üzərimdə işləyirəm. Hər yarış mənim üçün yeni bir mərhələdir və hər dəfə özümü daha da inkişaf etdirmək istəyirəm.
- Hansı yarışlarda iştirak edəcəksiniz ?
- Hazırda qarşıdakı yarışlar barədə dəqiq bir plan yoxdur, lakin bu ilin ən vacib yarışı İslam Həmrəyliyi Oyunlarıdır və mənim əsas diqqətim də ona yönəlib. Hazırlıq prosesimi maksimum səviyyədə davam etdirirəm ki, orada ən yaxşı nəticəni göstərim.
- Atanız bildirmişdi ki, əcnəbi bəylə ailə həyatı quracağsınız. Nə zaman ailə həyatına girməyi düşünürsünüz?
- Şəxsi həyatımla bağlı suallara isə hələlik cavab vermirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə