"Nəticə əldə edə bilmədiyimiz oyunçularla yollarımızı ayırdıq" - Evrən Alkaya DANIŞDI

“Milli komandalara görə uzun bir fasilə oldu". SİA xəbər verir ki, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, uğursuz seriyalarını dayandırmaq və istədiklərini əldə edə bilmədikləri oyunçularla yollarını ayırıblar: "Hələ də ayrılmaq ərəfəsində olduğumuz oyunçular var. Onların yerinə yeniləri gəldi. Bu fasilə müddətində komandaya çox istirahət vermədik, çoxlu sayda məşqlər keçdik. Çünki bu cür uzun fasilələrdə komandanı formada saxlamaq lazımdır. Lazımi işləri gördük, yeni gələn oyunçuları komandamıza adaptasiya etməyə çalışırıq. Qarşımızda NTD klubu var və son zamanlarda yaxşı işlər görürlər. Heyətlərini gücləndiriblər, bugünlərdə daha bir oyunçu aldılar. Çox yaxşı komanda oldular. Bizim komanda da əslində, yaxşı komandadır, hər mövqedə güclü oyunçularımız var. Sadəcə bu son oyunlarda nəticələrdə özünü göstərmədi. Əksiklərimizi aradan qaldırmağa, sonuna qədər meydanda mübarizə aparan bir komanda olmağa çalışdıq. Hər kəs “Sərhədçi”nin necə komanda olduğunu bilir. Biz bu liqada ən üst səviyyəyə çıxacaq komandayıq. 4 nömrə mövqeyində dəyişiklik etdik və bununla da sistemimizi dəyişmiş olduq. Bundan sonra oynayacağımız NTD matçı çox vacibdir. Əlimizdən gələni etməyə, ən yaxşı oyunlarımızdan birini oynamağa çalışacağıq. Yuxarı pillələrdə qərarlaşmaq istəyirik. 3-cü mərhələnin son oyunudur. Daha sonra son qrup matçları olacaq. İnanıram ki, qrupu ən yuxarı yerlərdə bitirəcəyik. Önəmli olan kubokda və çempionatda ən yaxşı şəkildə nəticə qazanmaqdır. Mən və komandam buna inanırıq. Bu gün qazanaraq komandamızı yuxarılara çıxarmağı bacaracağıq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə