Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyevin SİA-ya müsahibəsini təqdim edirik:
- DÇ-2027 seçmə mərhələsində çıxış etdiniz. Bu yarışı necə dəyərləndirərdiniz?
- İlk dəfə idi bu yarışlara qatılırdıq. Bizim üçün böyük təcrübə oldu. Əsas da bildik ki, bugünkü gündə nəyə layiqik. Təbii ki, daha yaxşı çıxış etmək istəyərdik. Ancaq başa düşdük ki, öz üzərimizdə daha yaxşı çalışıb, yüksək nəticə əldə etməliyik.
- Bu mərhələdə ilk matçınız səfərdə Kosovo millisi ilə oldu. Qarşılaşmanı necə dəyərləndirərdiniz?
- Bu yığmaya qarşı yaxşı oyun göstərdik. Biraz axırda çatışmayan cəhədlərimiz oldu. Uzaqdan atışlarımız daha yaxşı ola bilərdi ancaq bu oyundu. Oyunçularımız əllərindən gələni etdilər.
- Bəs evdə İrlandiya millisinə qarşı mübarizədə 15 xal fərqlə məğlub olduq. Bunu necə şərh edərdiniz?
- Rəqibimizi yaxşı təhlil etmişdik. Ancaq bugünkü gün bizim təcrübəmiz çatmadı. Bəli, yorğunluq var idi. Kosova ilə oyundan sonra hava şəraitinə görə yolumuz dəyişdi. Buna görə yorulmuşduq. Daha yaxşı çıxış edə bilərdik.
- Komandada nə kimi çatışmazlıqlar var?
- Bəzi məqamlarda çatışmayan tərəflərimiz var. Bu qaçınılmazdır. Lakin çox çalışıb, təcrübəmizi toplayıb yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Bundan sonra qarşıdakı planınız nədir?
- Hələki əsas məqsəd çempionatın oyunlarına qatılmaqdır. Daha sonra Federasiya rəhbərliyi ilə görüşüb gələcək planlar barədə müzakirələr edəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə