“Bu oyunda böyük problemlərimiz ola bilər” - Baş məşqçi DANIŞDI

“Təlim-məşq toplanışına 24 nəfər cəlb olunub”. Bunu SİA-ya qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.

O, komandasının Millətlər Liqasında Monteneqroya qarşı keçiriləcək matça hazırlığı şərh edib.

Təcrübəli mütəxəssisin sözlərinə görə, bu toplanışa qapıçı Aytac Şərifova zədələndiyi, Peritan Bozdağ qırmızı vərəqə aldığına görə çağrılmayıblar. Jalə Məhsimova isə oynadığı “Amedspor” klubunda zədələnib. Ümid edirəm ki, oyuna qədər hazır ola biləcək. Lakin təlim-məşqində iştirak edən oyunçularımız bu oyuna maksimum hazırdılar. Gündə iki dəfə məşq etmişik. Sıxıntımız yoxdur. Bu toplanışda da bundan öncədə gənc oyunçularımız daim dəvət alıblar. Mən düşünürəm ki, bu say 3-ə bərabərdir. Onlardan biri qapıçıdır. Hər biri U-17 millisindədir”.

Baş məşqçi millinin qrupdakı şanslarını da dəyərləndirib: “Daha öncə bir qrupa yer aldığımız Monteneqro yığmasını yaxşı tanıyırıq. Litvanın hazırki durumuna baxdıqda, hər üçümüzün gücləri təxminən bərabərdir. Monteneqro ilə oyuna gəlincə, diqqətli olmalıyıq. Bundan öncəki qarşılaşmalarda onlara uduzmuşuq. Ancaq Millətlər Liqasının son mövsümündə həm ev, həm də səfər matçında qələbə qazanmışıq. Həmin qarşılaşmaların nəticəsinə görə hərəkət etsək, bu oyunda böyük problemlərimiz ola bilər. Monteneqro ilə son qələbələri unudub meydana çıxmalıyıq. Rəqib həm şəxsi, həm də komanda kimi keyfiyyətlidir”.

Qeyd edək ki, millimiz Monteneqro ilə fevralın 21-də Bakıda qarşılaşacaq. Matç saat 15:00-da start götürəcək.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə