"“Neftçi” - “Qarabağ” (0:1) oyunu gözlənildiyi kimi yaxşı atmosferdə keçdi". Bunu SİA-ya açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
O, Azərbaycan Premyer Liqasının 23-cü turunda baş tutan matçları şərh edib.
Təcrübəli mütəxəssis bildirib ki, azarkeşlərin matçda iştirakı oyunun daha da maraqlı keçməsinə səbəb olub: "Matçın ilk hissəsində “Neftçi” daha aktiv idi. “Ağ-qaralar” çalışırdı ki, rəqibi öz meydanında sıxsın. Təbii ki, buna da nail olurdu. Fikrimcə, oyunun dönüş nöqtəsi “qırmızı kart” oldu. “Qarabağ” azlıqda qalandan sonra oyunun gedişatı dəyişmədi. Gözlənilirdi ki, “Neftçi” daha da aqressivləşsin. Lakin bu olmadı. Ərazi üstünlüyünə malik idi. Lakin bundan istifadə edə bilmədi. Sonda da “Qarabağ” öz təcrübəsindən istifadə edərək böyük motivasiya ilə əvəzetmələrdən sonra qazanılan 11 metrədən sonra qələbə əldə etdi. Bu “Neftçi” üçün çox yaxşı şans idi. Lakin təəssüflər olsun ki, Bakı təmsilçisi bundan istifadə edə bilmədi. Amma ruh yüksəkliyi “Neftçi”də hiss olunurdu".
Əsədov vurğulayıb ki, “Sumqayıt” - “Zirə” (0:3) matçında Bakı təmsilçisinin favorit olduğu hamıya məlum idi: "Amma oyunun gedişi bir daha göstərdi ki, “Zirə” məğlubiyyətdən sonra oyuna daha yaxşı köklənmişdir. Oyuna nəzarət edirdi, kəsərli hücumlardan istifadə edirdi. Sonda da oyunun müqəddəratını həll etdilər. “Sumqayıt”da eniş var. Düşünürəm ki, bu müvəqqəti olar və Vaqif Cavadov tez bir zamanda komandanı bu vəziyyətdən çıxardar. “Sumqayıt” burda xal itirməklə turnir cədvəlindəki vəziyyətini daha da çətinləşdirdi. Növbəti oyunda mütləq xal qazanmalıdır ki, bu vəziyyətdən çıxsınlar. “Zirə” 3 xalı qazanmaqla ikinci yerə daha da yaxın oldu.
Onun sözlərinə görə, “Kəpəz” - “Şamaxı” (1:1) oyununda bir-birinə yaxın olan iki komanda mübarizə aparırdı. Bu oyunlar 6 xallıq kimi görünür və komandalar olduqca ehtiyatlı yanaşırdı. “Şamaxı”nın hesabı açılandan sonra “Kəpəz” sürəti artırdı. Ancaq sonda oyun ədalətli hesabla başa çatdı.
Sabiq məşqçi bildirib ki, “Turan Tovuz” - “Araz Naxçıvan” (1:0) oyunu turun ən maraqlı qarşılaşmalarından biri olub: "Burada Avropa Liqası üçün mübarəzi aparan iki komanda idi. “Turan Tovuz” üçün bu xal çox vacib idi ki, rəqibə yaxın olsun. Çünki “Araz Naxçıvan” qalıb gəlsə daha yüksəyə qalxacaqdı. Ona görə “Turan Tovuz” əzimkarlıq göstərərək, qola imza atdı. “Səbail” - “Sabah” (0:0) oyununda da favorit rəqib olsa da, “Səbail” evdə əzimkar şəkildə mübarizə aparır. Son zamanlarda da oyun planında da bir irəliləyiş var. Bu baxımdan “Sabah”ın biraz üstünlüyü olsa da, “Səbail” rəqibdən çəkinmədi. O, əks hücumlarda rəqibi yaxalamağa çalışsa da, vaxt çatmadı. Amma “Sabah” fasilədən sonra artıq ikinci dəfədir ki, heçdə özünə gələ bilmir. Bu da sual doğurur".
Bütün xəbərlər Facebook səhifəmizdə