"Heyət təlim-məşq toplanışının sonuncu günündən sonra müəyyənləşəcək" - MÜSAHİBƏ

Azərbaycanın yunan-Roma güləşi üzrə millisinin baş məşqçisi Aleksandr Tarakanovun SİA-ya müsahibəsini təqdim edirik:

- Xorvatiyanın Poreç şəhərində komdanızla birlikdə təlim-məşq toplanışındasız. Təlimlər necə keçir?

- “Zaqreb Open” yarışından sonra bura gəldik. Məhz təlim-məşq toplanışlarımıza da burada start verdik. Toplanış çox uğurlu şəkildə həyata keçirilir. Burada 25 ölkə iştirak edir. Hardasa 250 nəfərə yaxın idmançı eyni anda təlim keçir. Bu təlim-məşq toplanışında iştirak edənlərin səviyyəsi bizi qane edir. Biz hazırda dünyanın bir nömrəli güləşçiləri ilə birlikdəyik. Həm U-23, həm də böyüklər arasında keçiriləcək Avropa çempionatına hazırlaşırıq. Əlavə güləşçilərdə gətirmişik onlarda burada əlavə təcrübə qazansınlar.

- Komanda da vəziyyət nə yerdədir?

- Komandamızda abu-hava yaxşıdır. Hər şey normal səviyyədədir. Həm texniki, həm də psixoloji cəhətdən idmançılarımız çox yüksək səviyyədədir. Əlimizdən gələni edirik ki, gələcək yarışlarda güclü şəkildə mübarizə apara bilək.

- Zədəli idmançıların vəziyyəti necədir?

- Yarışdan sonra bəzi idmançılarımız zədə alsa da, bərpa prosesi gedir. Onlar müalicə alırlar. Həmin idmançılar da artıq bizimlə birlikdə məşqlərə qoşulublar. Yaxşı formaya sahib olmaq üçün çalışırlar. Ümid edirik ki, hər şey bizim üçün yaxşı olacaq.

- Xorvatiyada keçirilən “Zaqreb Open” turnirindəki nəticə sizi qane etdi?

- Yarış yaxşı keçdi. İdmançılarımız zədə alsa da, hər şey bizi qane etdi. Həmçinin yarış bizə hazırlıq üçün çox böyük imkanlar yaratdı.

- Qarşıdan Avropa çempionatı gəlir. Burada kimlərə daha çox ümid bəsləyirsiniz?

- Bizim komandamızın əksər üzvləri dünya, Avropa və digər mötəbər yarışların mükafatçılarıdırlar. Buna görə də onlara ümidim çox böyükdür. Bizim komandamızın pis nəticə gözləyəcəklərinə inanmıram. U-23 komandamız isə təcrübəli idmançılarla birgə təlim-məşq toplanışı keçdikləri üçün yaxşı nəticə əldə edəcəklər. Bizdə 87 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam Abbasov 5 dünya çempiomatında iştirak edib. Ondan yüksək nəticə gözləyirəm.

- Rəqibləri dəyərləndirmisinizmi?

- Burada rəqabət çox güclü olacaq. Bundan başqa rəqiblərin imkanlarını dəyərləndiririk və səhvlərimiz üzərində əlavə məşqlər aparırıq. Həm takitiki, həm də texniki məşqlər edərək psixoloji olaraq güləşçilərimiz bu yarışa fokuslayırıq. Çatışmayan cəhdlərimizi aradan qaldıra bilsək bu Avropa çempionatında yüksək nəticə əldə edə bilərik. U-23 komandamızda gənc olsalar da, perspektivli idmançılardır.

- Avropa çempionatında mübarizə aparacaq heyət artıq müəyyənləşib?

- Həm U-23, həm də böyüklər arasında keçiriləcək Avropa çempionatında kimlərin mübarizə aparacağı son təlim-məşq toplanışından sonra bəlli olacaq. Biz əvvəldən heyəti elan etmirik ki, arxayınlaşmasınlar eyni zamanda da digərləri də ruhdan düşməsin. Hər çəki dərəcəsində 3 nəfər idmançı təlimlərdə iştirak etsə də, onlardan biri mübarizə aparacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə