Bu gün Azərbaycan çempionatına yekun vurulacaq

Bu gün şahmat üzrə Azərbaycan çempionatına yekun vurulacaq. SİA xəbər verir ki, yarışın son günündə həlledici qarşılaşmaların tay-brek görüşləri baş tutacaq.

İlk iki partiyada qalibi müəyyənləşdirə bilməyən cütlər yenidən lövhə arxasına keçəcək. Kişilərin mübarizəsində iki dəfə heç-heçə edən Rauf Məmmədovla Şəhriyar Məmmədyarov Azərbaycan çempionu titulu üçün növbəti dəfə üz-üzə gələcək.

Teymur Rəcəbov səhhətində yaranan problemlə bağlı ölkə çempionatında mübarizəni davam etdirmədiyindən artıq üçüncü yerin sahibi dəqiqləşib. Misrətdin İskəndərov oynamadan bu hüquqa yiyələnib.

Qadınların yarışında isə hərəyə bir qələbə qazanan Günay Məmmədzadə ilə Gövhər Beydullayeva çempionu müəyyənləşdirməyə çalışacaq.

Gülnar Məmmədova ilə Ülviyyə Fətəliyeva da növbəti qələbə ilə 3-cü olmaq üçün mübarizə aparacaq.

Qeyd edək ki, yarışın bağlanış və mükafatlandırma mərasimi saat 19:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə