Azərbaycan badmintonu tarixində bir ilk yaşanıb

Azərbaycan badmintonu tarixində ilk dəfə iki gənc idmançımız dünyanın 100 ən güclü badmintonçusu sırasında yer alıb. SİA xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Dünya Badminton Federasiyasının (BWF) açıqladığı gənclərin reytinq siyahısında “Top-100” badmintonçu sırasında 2 gənc idmançımız da yer alıb. Beynəlxalq turnirlərdə uğurlu çıxışla yadda qalan gənc badmintonçumuz Ülvi Hüseynov reytinq sıralamasında 63-cü yerə yüksəlib. Badmintonçumuz son olaraq İran İslam Respublikasında və Türkiyədə keçirilən beynəlxalq turnirlərdə mükafatçılar sırasında yer almaqla reytinq xalını 4050-yə çatdırıb.

Qeyd edək ki, Ülvi Hüseynov 2023-cü ildən etibarən Azərbaycan Badminton Federasiyası və Malayziya Badminton Federasiyası arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Malayziya Badminton Akademiyasında təhsil almaqla yanaşı mütəmadi olaraq Malayziyanın müxtəlif yaş qrupları üzrə milli komandalarının üzvləri ilə birgə təlim-məşq toplanışlarında iştirak edərək peşəkarlıq səviyyəsini artırır.

Digər gənc badmintonçumuz Həcər Nuriyeva isə 2023 və 2024-cü illər ərzində Tacikistan, İspaniya, Türkiyə, Zambiya və Botsvanada keçirilən beynəlxalq turnirlərdə mükafatçılar sırasında yer almaqla reytinq sıralamasında 21 pillə irəliləyərək 47-ci yerdə qərarlaşıb. Sonuncu dəfə isə 2025-ci ildə İran İslam Respublikasında keçirilən beynəlxalq turnirdə Leyla Camalzadə ilə birgə çıxış etdiyi qoşa kateqoriyada qızıl medal qazanaraq reytinq xalını 5800-ə yüksəldib.

Qeyd edək ki, yerli idmançıların dünyanın “Top-100” badmintonçusu siyahısında yer alması Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək strategiyasının əsas hədəflərindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə