Azərbaycan Voleybol Federasiyasının Gəncə şəhərində məşqçi-müəllimlər üçün təşkil etdiyi kurs başa çatıb. SİA xəbər verir ki, Gəncə OİK-də baş tutan və beş gün davam edən AVF-nin “1-ci dərəcə” məşqçi kursunda Gəncə ilə yanaşı, ətraf rayon və şəhərlərdən 19 məşqçi-müəllim iştirak edib. Dərslər AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Doc.Dr.Cengiz Akarçeşme tərəfindən keçirilib.
Kursun sonuncu günündə iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçən 8 mütəxəssisə AVF-nin “1-ci dərəcə” sertifikatı təqdim olunub.
Qeyd edək ki, federasiya tərəfindən ötən il Qəbələdə, Sumqayıtda və Bakıda “1-ci dərəcə” məşqçi kursları keçirilib. AVF Bakıda və digər bölgələrdə birinci dərəcə ilə yanaşı, ikinci və üçüncü dərəcəli kurslar da təşkil edəcək. “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak hüququ qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə