Formula 1 yarışları ilə bağlı hansı işlərə yekun vurulub? - QURUM RƏSMİSİ AÇIQLADI
“2023 Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq həyata keçirilən bütün hazırlıq prosesləri tamamlanıb”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Halqasının mətbuatla əlaqələr şöbəsinin müdüri Turab Teymurov bildirib.
Qurum rəsmisi bildirib ki, tribunalar, treklər tamamilə hazır vəziyyətdədir: “Biz bir sıra rekordlara imza atmışıq. Belə ki, tamaşaçı tribunalarımızın hamısı satılıb. Dünyada statistikaya nəzər yetirsək 100 ölkədən Azərbaycana səfər edən turistlər olacaq. Ən çox əcnəbi sayına görə rekordlar bu il hesab olunur. Dünəndən etibarən sprint yarışının formatı dəyişdirildi və tamamilə yeni bir formatda ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. Bu bütün Formula 1 yarışlarının fanatları üçün yenilikdir. Azərkeşlərimizə çox maraqlı gəlir ki, yeni format necə olacaq. Yarış günləri 24 apreldən 29-na qədər müəyyən küçə və prospektlərimiz təyin olunan saatlarda məhz sakinlərimizin yollarla bağlı narahatçılıqlarının minimum endirilməsi məqsədi ilə açıq olacaq”.
Mətbuat rəhbəri həmçinin yollarla bağlı sualımıza da cavab verib: “24-25-26 aprel tarixlərində səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 18:00-dan 20:00-dək sözügedən yollarda (Neftçilər prospektinin Azneft dairəsindən yalnız Dəniz Vağzalı istiqamətində olan hissəsi və İstiqlalliyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi) yalnız birtərəfli olmaqla nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq.
27 aprel tarixində Neftçilər prospektinin Azneft dairəsindən yalnız Dəniz Vağzalı istiqamətində olan hissəsi yalnız birtərəfli olmaqla səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 20:00-dan 22:00-dək açıq olacaq. 28-29 aprel tarixlərində isə burada nəqliyyatın hərəkəti yalnız axşam saatlarında 20:00-dan 22:00-dək mümkün olacaq.
BŞH sürücülərə bildirir ki, qeyd olunan yollar yalnız tranzit dəhlizi kimi istifadə ediləcək və bu yollarda nəqliyyatın hərəkəti yalnız bir istiqamətdə mümkün olacaq. Maşınların burada dayanması və ya parkinqi təhlükəsizlik baxımından tamamilə qadağandır. Bundan başqa, həmin yollarda ağır tonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir.
Qeyd edək ki, sözügedən yollarda sürət həddi 50 km/saat olaraq müəyyən edilmişdir. Bu yollardakı nəqliyyatın hərəkətini BŞH və aidiyyəti güc strukturları birgə tənzimləyəcək. Nəqliyyatın hərəkəti ilə bağlı ətraflı məlumatı BSH-nin rəsmi veb səhifəsindən əldə edə bilərsiniz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB