Bakı Qlobal Forumu müzakirələr üçün ideal platformadır - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər" mövzusunda keçirilən IX Qlobal Bakı Forumu və dövlət başçısının çıxışı zamanı söylədiyi fikirlər bu gün daha çox müzakirə olunan mövzulardandır. Qeyd edək ki, bu Forum hazırda dünyanı narahat edən problemlərin həlli yollarının müzakirəsi baxımından böyük əhəmiyyət daşıyır. Forumda, həmçinin Azərbaycan Prezidenti tərəfindən Ermənistana da mühüm mesajlar ünvanlanıb.

Dövlətimizin başçısı Forumdakı dərin məzmunlu nitqində bildirib: "Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən altı ay sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni, Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub. Bu yanaşma çıxılmaz vəziyyətə gətirib çıxaracaq və hesab edirəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir".

Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində qazanılan rəşadətli Qələbədən sonra bölgədə yaranmış yeni reallıq, normallaşma prosesindəki vəziyyətlə bağlı fikirlərində diqqət çəkən məqamlardan biri də bölgədə sülh, sabitlik və inkişaf tərəfdarı olan Azərbaycanın mövqeyi dəyişməzliyidir. Halbuki Ermənistan hakimiyyətinin əsassız iddiaları bölgədə yeni qarşıdurma riskləri yaradır. Regionda hər kəs üçün məqbul olan vəziyyət sülh cəhdlərini düzgün dəyərləndirməkdir.

Prezident İlham Əliyev Forumdakı nitqində ölkəmizin qəti və dəyişməz mövqeyi geniş ictimaiyyətə çatdırılır və Qarabağa əsassız status iddiası ilə çıxış edən Ermənistana bir daha sərt xəbərdarlıq edilir.

IX Qlobal Bakı Forumunun açılış mərasimində Azərbaycan Prezidenti qeyd edib ki, Avropada vəziyyət kəskin şəkildə dəyişib və Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbat artır: "Biz bir çox ölkənin artan tələbatını təmin etmək üçün əlimizdən gələni edirik. Son bir neçə ay ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı bizə müraciətlər daxil olub. Əlbəttə, bu, asan məsələ deyil. Çünki əvvəlcə həmin qaz hasil edilməlidir və biz qaz hasilatını artırmağı planlaşdırmırdıq. Hazırda bu məsələ ilə bağlı biz Avropa Komissiyası ilə çalışırıq".

"Qlobal dünya nizamına təhdidlər" mövzusunda keçirilən IX Qlobal Bakı Forumunda Prezidentin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, ATƏT-in Minsk qrupu, regional əməkdaşlıq və bu istiqamətdə görülən işlər, Ermənistan tərəfinin destruktiv mövqeyi barədə fikirləri əksini tapıb. Qeyd olunub ki, Avropada enerji təminatı ilə bağlı vəziyyət kəskin dəyişib və Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbat artıb. Həmçinin Prezident İlham Əliyevin Azərbaycanın "yaşıl enerji" zonasına və bərpaolunan enerji sahəsində beynəlxalq enerji bazarında ciddi oyunçuya çevriləcəyi barədə fikri də yer alıb.

Xüsusilə vurğulamaq lazımdır ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu, sistemli və məqsədəuyğun xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə, eyni zamanda ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətləri ən yüksək səviyyədə qurulub. Bu münasibətlərin sayəsində dövlətimizin ikitərəfli və çoxtərəfli əlaqələri milli maraqlarımıza uyğun formalaşaraq, gələcək hədəflərimizin yerinə yetirilməsində mühüm rol oynayır. Azərbaycanın nüfuzunun artması, ümummilli məsələlərlə bağlı dövlətimizə göstərilən münasibət aparılan xarici siyasət kursunun əhəmiyyətli nəticələrindəndir. Artıq ölkəmiz regionun lider dövləti olaraq dünyada sayılıb-seçilən, söz sahibi olan, özünün müstəqil siyasəti ilə dünya dövlətləri arasında layiqli yerini və rolunu daha da möhkəmləndirən ölkələr sırasındadır. Paytaxt Bakı şəhərinin bir çox beynəlxalq və regional tədbirlərə, forumlara ev sahibliyi etməsi isə bu siyasətin nəticələrindən biridir. Bu cür tədbirlərin ölkəmizdə keçirilməsi bizə göstərilən inamın, etimadın bariz nümunəsidir. Azərbaycan paytaxtının bu qəbildən olan tədbirlərə layiqincə və ən yüksək səviyyədə ev sahibliyi etməsi iştirakçı dövlətlər tərəfindən də dəfələrlə təqdir olunur.

IX Qlobal Bakı Forumu da özünün siyasi aktuallığı və əhəmiyyəti ilə seçilən, ölkəmizin ev sahibliyi etdiyi vacib tədbirlərdəndir. Forumda ümumilikdə 53 ölkədən 400-ə qədər nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, sabiq dövlət və hökumət başçıları, gənc liderlər, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Qlobal Forumda əsasən dünyanın nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılıb. Bqtqn bunlara baxmayaraq bəzi hallarda bir sıra beynəlxalq təşkilatların qərarları ancaq kağız üzərində qalıb və icrasına heç bir nəzarət olunmayıb. Bu da işğala, etnik təmizləməyə və terorra meyilli dövlətlərə öz siyasətlərini davam etdirməyə fürsət verib. Halbuki dünya bu cür hallarda barışmaz mövqedə olmalı, haqq səsini birgə ucaltmalı, dünyanın və ayrı-ayrı bölgələrin təhlükəsizliyinə ciddi təhdidlər yaradan halların qarşısı qətiyyətlə alınmalıdır. Dövlət başçısınn forumda çıxışı zamanı səsləndirdiyi kimi, Qarabağ münaqişəsinin həlli, regionda təhlükəsizlik üçün, regionda sülh üçün bir fürsətdir. Bu fürsəti isə beynəxalq hüquq deyil, məhz Azərbaycan dövləti özü təmin etdi.

Leyla Nəcəfova,

Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə