Erkən nikah bağlamağın səbəbi nədir? ARAŞDIRMA

Erkən nikah yaşı 18-dən az olan yeniyetmələrin nikaha daxil olmasıdır. Bəs azyaşlıların bu addımı atma səbəbi nədir? Məsələni aydınlaşdırmaq üçün öncəliklə nikah haqqında danışaq. Nikah insan həyatının ən əlamətdar hadisəsidir. O yeni yaradılacaq ailənin hüquqi əsasıdır. Cəmiyyətimizdə nikah iqtisadi mülahizələrdən azad olub kişilərin və qadınların məhəbbətə, sədaqətə, uşaqların olması arzusuna əsaslanan könüllü, bərabərhüquqlu ittifaqıdır.

Nikah ailəni yaradan əsas təməl vasitədir. Bu ailə təməlin möhkəm qoyulması üçün ən vacib amildir. Nikaha daxil olduqdan sonra bu əsasın qorunması üçün insan fiziki və mənəvi cəhətdən evliliyə hazır olmalıdır. Nikaha daxil olmaq istəyən şəxs tam öz qərarlarını vermək qabiliyyətində olmalıdır. Əgər bu belə deyilsə, müəyyən problemlər yaranacaq ki, bu evliliyə, ailəyə, şəxsə psixoloji cəhətdən təsir edəcək. Hər gün respublikamızda neçə-neçə gənc nikah bağlayır, neçə ailənin təməl daşı qoyulur. Hər dəfə nikahı qeyd edən təşkilatın nümayəndəsi- vətəndaş aktlarının dövlət qeydiyyatı orqanının müdiri gənc ər-arvadı belə xoş sözlərlə təbrik edir, onlara ailə xoşbəxtliyi arzulayır..

Ölkəmizdə nikahın bağlanması, ərlə arvad arasında, valideynlərlə uşaqlar arasında münasibətlər, övladlığa götürmə, atalığın müəyyən edilməsi, alimentin tutulması, qəyumluq və himayəçilik, nikahın pozulması, nikahın vətəndaşlıq aktlarının dövlət qeydiyyatına alınması respublikamızın Qanunvericiliyi ilə tənzim edilir. Nikahın bağlanması qaydaları Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 9-cu maddəsində qeydə alınır.

Nikah vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanı nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.

Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur. Lakin, hal-hazırda cinsindən fərqli olmayaraq Azərbaycanda nikah yaşı 18-dir.Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16 - cı maddəsində deyilir: “Yetkinlik yaşına çatmış kişilər və qadınlar, heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir. Lakin nikah yalnız hər iki tərəfin azad və tam razılığı əsasında baş verə bilər. Əgər nikaha daxil olmaq istəyən bir tərəf yetkinlik yaşında deyilsə və gələcək həyat yoldaşı haqqında məlumatlı qərar qəbul etmək iqtidarında deyilsə, bu cür razılıq “tam və azad” ola bilməz.

Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nikahlar qanuni sayılır. Yaxın qohumlar, himayəçilər arasında nikahlara, eləcə də nikah bağlayan tərəflərdən biri artıq evil və ya ruhi xəstə olduğu halda nikaha icazə verilmir. Rəsmi nikahın bağlanması üçün iki əsas şərt vardır: nikah könüllü olmalı və nikah tərəflərinin yaşı qanunvericilikdə icazə verilmiş həddə olmalıdır.

Nikah bağlamadan ailə qurmaq olar?

Nikah bağlamadan ailə yaratmaq düzgün deyildir. Çünki belə ailədə gələcək uşaqların tərbiyəsi pozulur, ər-arvadın ailə məsuliyyəti hissi azalır.

Nikahın bağlanması kişi və qadınların üzərinə mühüm vəzifələr qoyur. Onlar yeni - ər-arvadlıq vəziyyətinə daxil olurlar. Şəxsi həyatlarının dəyişilməsi ilə bərabər onların ictimai rolu, hüquqi vəziyyəti yeni vəziyyət alır. Əgər onlar məhəbbət və dostluq illərində öz münasibətlərini yalnız qəlblərinin hökmü ilə qururdularsa, indi bu münasibətləri həm də nikah və ailə qanunvericiliyinin tələblərinə tabe etdirməli olurlar.

Erkən nikah bağlamağın səbəbi nədir?

Erkən nikah qanunvericiliyin müəyyən etdiyi minimal yaş həddini keçmədən qurulan ailələr hesab olunur. Erkən nikah iki cür həyata keçirilir. Valideynlərin istəyi və məcburiyyəti ilə və bilavasitə qızın öz razılığı əsasında.
Lakin vurğulamaq lazımdır ki, dövrümüzdə bir çox azyaşlı erkən nikaha sövq edilir.Yəni, azyaşlı ətraf mühitin və ya valideynlərin təsirinə düşərək bu yolu özünün düzü kimi qəbul edir və erkən nikah bağlayır. Bu yaşda yeniyetmələr özünün də nə istədiyini dərk etmədən qərarlar verməyə başlayır və ya özünü şəxs kimi cəmiyyətə qəbul etdirməyə çalışırlar. Bu həyati qərar onların gözündə oyuna bənzəyir və seçim edərkən həyata real tərəfdən yox, xəyali tərəfdən yanaşırlar.

Birmənalı şəkildə demək olmaz ki, erkən nikahlar hamısı uğursuz olur. Lakin son zamanlar xüsusilə bəzi regionlarda sırf valideynlərin təkidi ilə qızların erkən yaşda ailə həyatı qurması hallarına rast gəlirik və bu, öz fəsadlarını biruzə verir.

Uğurla nəticələnən nikah olsa belə sonra şəxs içində özünə belə açıqlamadığı durğunluq yaşayır. Bəzi hallarda bu durğunluq şəxsin özünə aid suallarının artmasına və psixoloji problemlərə yol açır.

Məsələ ilə bağlı "Təmiz dünya" qadınlara yardım ictimai birliyinin sədri Mehriban Zeynalova fikirlərini bildirib: “Erkən yaşda nikah qurmağın müxtəlif səbəbi var. Mühit, ətraf təsir, valideynlər, təhsilsiz olmaq,maddi sıxıntı və s kimi səbəblərdən dolayı yeniyetmələr erkən nikah qurur. Qızların erkən formalaşmasına valideyinin mühitin yaratması əsas səbəblərdəndir. Valideynlərin etdiyi ən böyük səhvlərdən biri azyaşlı uşaqlara təhsildən çox evliliyi aşılasıdır. Əsasən qız uşaqlarının beyninə ənənəvi olaraq deyilən sözlərdən “Evdə qalmaq” ailə fərdlərinin və qohumların psixologiyaya təsiri erkən nikahın səbəblərindən biridir. Valideynlər uşaqları daxili aləmi zəngin,rəngarəng, ətrafa duyarlı böyütməlidirlər. Şəxs gələcəyi üçün məqsəd və çizgilər qoymalıdır. Planlar qurmaq və buna uyğun addımlar atmaq, məqsədlər seçmək daha düzgündür. Gündəlik həyatlarını dolğun yaşayanların çoxu erkən nikah bağlamır. Burada ən səhv yanaşma metodu birincilik yanaşmasıdır. Yəni ki, biri məndən öncə evlənib məndə evlənməliyəm yanaşması yalnışdır. Fərdiçilik anlayışı ilə hərəkət edən şəxslər daha tez evlənir. Belə ki, şəxs yalnız özünü düşünür, mən dediyim olmalıdır kimi anlayış ilə evliliyə yanaşılması yalnışdır”.

Mövzu ilə əlaqədar psixoloji aspektlərini aydınlaşdırmaq üçün Psixoloq Mahuxanım Teymurovanın da fikrini öyrəndik.

Psixoloqun sözlərinə görə, dünyanı əhatə edən insanoğlu öz nəslini davam etdirmək üçün ailə həyatı qurur və bu ailə-cəmiyyətin,xalqın,dövlətin bir parçasıdır: “Ailə nə qədər güclü olarsa xalq,cəmiyyət,dövlət o qədər yaxşı olar. 18 yaşdan kiçik qızların ailə qurması erkən nikah adlanır və erkən nikahın olmasının bir neçə səbəbləri vardır. Bunlara:Ailənin maddi vəziyyəti,savadsızlıq,tarixi ənənə və mentalititlər,valideynin qızına cinsi təcavüz edib ondan qurtulmaq istəməsi və yaxud zorakılıqdan,cinsi təcavüzdən qorumaq üçün qızını erkən nikahlandırması və s halları aiddir.
Qızların erkən yaşda nikahlanması gələcək nəsil,insanlıq üçün böyük problemdi.Çünki ailə bizim gələcəyimiz olan uşaqların təməlin qoyur.Və erkən nikahlanan bir qız övladı hələ uşaq olduğu üçün bir çox şeyi bilmir,anlamır.Və bu səbəbdən bir uşaq necə düzgün bir övlad yetişdirsin?..
Əsas suala gəlsək "Azyaşlı uşaqların evlənməsinin psixoloji səbəbləri varmı ?"Əlbəttə ki,"İnsanoğlu var olduqca, psixoloji səbəblər də var olacaq. Çünki insan robot deyil.Bir şeylər düşünür,hiss edir,davranır...
Bu səbəblərin hər biri insan üçün fərqlidir. Hamı eyni cür düşünüb qızın erkən nikahlandırır deyə bilmərik.Beşi mentalitetə görə,beşi zorakılığa görə qızın erkən nikahlandıra bilər.

Erkən nikahlar necə psixoloji səbəblərlə yaranırsa eləcə də psixoloji problemlər ortaya çıxarır.
Bunların qarşısın almaq üçün ilk olaraq qız övladlarınıza bir yük kimi baxmayın,onu dəyərsiz görməyin.Çünki istər qız olsun, istər oğlan o sizin övladınızdı.Ona nə qədər sevgi versəniz o ,sevgini başqalarında axtarmayacaq.Sevgisiz,dəyərsiz hiss edən qadınlar sevgini,dəyəri əks cinsdən birində gördüyü zaman ona bağlanır və onla ailə həyatı qurur.Bu evlilik səhv evlilik də ola bilər.Bu səbəbdən övladlarınıza sevgi,dəyər verməkdən çəkinməyin.Onları düzgün yetişdirin ki,gələcəyimiz daha yaxşı olsun”.

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə