“Biz hər zaman Prezident İlham Əliyevin kursunu dəstəkləmişik” - YAP-a qoşulmuş partiyanın sədri

“Partiyanın sədri Mayis Səfərlinin dünyasını dəyişməsi partiyanın hər bir üzvünə pis təsir etdi”.

SİA xəbər verir ki, bunu mətbuata açıqlamasında YAP qoşulmuş Yurddaş Partiyasının sədri Gülay Quliyeva bildirib.

G. Quliyevanın sözlərinə görə, mart ayında partiyanın qurultayı olmalı idi: “Rayon təşkilatlarından bizə Yeni Azərbaycan Partiyasına birləşmək istədiklərinə dair təkliflər gəldi. Biz hər zaman YAP-ın rəhbəri, sədrimiz, Prezident İlham Əliyevin kursunu dəstəkləmişik. Bizim rayon təşkilatlarının sədrləri bundan sonra da onun ətrafında sıx birləşmək təklifi ilə çıxış etdilər. Bu təkliflə bağlı martın 1-də qurultayımızı keçirdik. Qurultayda da verilən təklif yekdilliklə qəbul olundu. Belə qərara gəldik ki, bu gün Azərbaycan xalqının arzularını reallaşdıran, xalqımızın ən ağrılı problemi olan Qarabağ məsələsini həll edən, bizi torpaqlarımıza qovuşduran liderin sədrlik etdiyi ən nüfuzlu, ən güclü partiyaya birləşək və bununla bağlı müraciət etdik. Bu, çox gözəl ideyadır. Bununla bağlı müraciətimizə bu gün keçirilən qurultayın gündəliyinə daxil edilmişdi. Bizim təklifimiz yekdilliklə qəbul edildi. Prezident İlham Əliyev bizi “Evinizə xoş gəlmisiniz” deyə salamladı. Düşünürük ki, bundan sonra gücümüzü birləşdirib müstəqilliyimizin, azərbaycançılığımızın, dövlətçiliyimizin qorunması uğrunda da birlikdə fəaliyyət göstərək”.

G. Quliyeva bundan sonra fəaliyyətlərini YAP-ın siyasi kursuna uyğun şəkildə davam etdirəcəklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...