2019-cu il qapımızın astanasındadır. 2018-ci ili yola salmaq və Yeni ili qarşılamaq üçün hər birimiz tələsirik. Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd edilməsi, bayrama bayram qatır desək yanılmarıq. Bayram günlərində hər kəs özü üçün müxtəlif planlar qurur, gəzmək və əylənmək üçün hara getməsi haqqında düşünür. Məhz bunu düşünərək ki, hər il bayramlar ərəfəsi və xüsusilə də digər bayramlardan Şam ağacı, Qar qızı, Şaxta babası ilə seçilən Yeni il bayramına xüsusi hazırlıq işləri görülməyə başlanır. Dekabr girər-girməz şəhərimiz bəzədilir, parklar, küçələr al-əlvan işıqlara boyanır, həm böyüklərin, həm uşaqların, həm də şəhərimizə gələn turistlərin bayramla əlaqədar istirahət günlərini səmərəli keçirilməsi üçün xüsusi tədbirlər keçirilməyə başlanılır. Bu il də görülən işlər göz qarşısındadır. Hətta şəhərimizin küçələrinin, parklarının, istirahət məkanlarının evlərimizdən daha tez bəzədildiyini və bayram-əhval ruhiyyəsi yaradıldığının şahidiyik. Qarşıda 5 günlük bayram istirahətini paytaxt Bakıda keçirmək istəyənlər bu günlərdə hara gedim nə edim sualı ilə qarşı-qarşıdırsa, o zaman diqqətlə reportajımızı oxuyun!
Bakı bayram atributlarına bürünüb
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov SİA-ya açıqlamasında deyib ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri tərəfindən şəhərin parkları, meydan və küçələrinin bəzədilməsi, burada yeni il atributlarının, işıqlı çilçıraqların və digər bəzəklərin quraşdırılması, bayram yarmarkalarının yaradılması istiqamətində işlər həyata keçirilib.
“Bakının ən iri yolkası bu il də Azadlıq meydanında qurulub”
O bildirib ki, istirahət parkları və bir sıra meydanlarda ümumilikdə 36 yerdə bayram yolkaları qurulub: “Ənənəvi olaraq paytaxtın ən iri yolkası bu il də Azadlıq meydanında qurulub ki, onun hündürlüyü 37 metr, eni 16 metrdir. Eyni zamanda parklarda ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributların və simvollarınin, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması, burada bayram tərtibatının aparılması işləri həyata keçirilib. Bayram günlərində uşaqların və böyüklərin istirahətinin şən və səmərəli keçirilməsi üçün lazımı şərait yaradılıb. Ticarət və Xidmət Departamenti tərəfindən bayram günlərində parklarda Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün müraciət edənlərlə müqavilələr bağlanıb”.
“Bayram yarmarkaları paytaxt sakinlərinin xidmətində”
Mətbuat katibi söyləyib ki, bayram tərtibatı və hazırlıq işləri Dənizkənarı Bulvarda və İçəri şəhərdə də həyata keçirilib: “Eyni zamanda təsdiq olunmuş dislokasiyalara uyğun olaraq Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən əsas etibarı ilə metro stansiyalarının yaxınlıqlarında 12 yerdə 23 ədəd çadırlar qurulub ki, burada da şəhər sakinləri və qonaqlar üçün bayram yarmarkaları təşkil olunub”.
“Atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-də Dənizkənarı Milli Parka gəlin!”
Bayramla əlaqədar əlavə tədbirlərin keçirilməsi nəzərdə tutulduğunu deyən İ. Kərimov vurğulayıb ki, həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə dekabr ayının 31-i saat 24:00-da paytaxtın Dənizkənarı Milli Parkının ərazisində möhtəşəm atəşfəşanlıq təşkil olunacaq və Bakı Şəhər İcra Hakimiyyəti adından sakinləri və şəhərimizin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-də Dənizkənarı Milli Parka, saat qülləsinin ətrafına dəvət edirik”.
Bulvarda necə istirahət edə bilərsiniz?
Şəhər sakinlərinin ən çox istirahət etdiyi məkanlardan birinin Dənizkənarı Milli Park olduğunu nəzərə alaraq orada həyata keçirilən işlər haqqında da sizi məlumatlandırmaq qərarına gəldik.
“Doğma Bulvarda qış nağılı” adlı bayram proqramı qonaqları gözləyir
Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Günay Yelmarqızı söyləyib ki, bayram günləri ilə əlaqədar idarə tərəfindən tədbirlər planı hazırlanıb: “İdarənin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. 16 km ərazidə yerləşən bütün ağaclar çıl-çıraqla bəzədilib. Kukla Teatrının arxasında yerləşən meydanda “Doğma Bulvarda qış nağılı” adlı bayram proqramı təqdim olunur. Böyük Yolka, Santa Klaus evi, Şaxta Baba və Qar Qız, uşaqların sevimli cizgi filmlərinin qəhrəmanları ilə əhatə olunan meydanda hər gün Milli Parka gələn paytaxt sakinləri və şəhərimizin qonaqlarına maraqlı sürprizlər, canlı musiqilər təqdim olunur. Milli Parkla üz-üzə Fəvvarələr bağından bulvara gedəcək uzunluğu 35 metr olan tunel quraşdırılıb. ”.
Mətbuat katibi əlavə edib ki, Dənizkənarı Milli Parkda Yeni İl tədbirləri iki həftə ərzində davam edəcək.
Başqa hara gedə bilərik?
Bayramda istirahət edəcəyimiz yerlər bununla yekunlaşır deyirsinizsə yanılırsınız. Çünki, yuxarıda deyildiyi kimi paytaxtın bütün parklarında bayram atributları, çılçıraqla bəzədilən müxtəlif guşələr əyləncənizi daha da artıracaq. Belə ki, Bakının Xətai rayonunda yeni yaradılan “Sevirəm” park kompleksi də müxtəlif əyləncələri və bayram ab-havası ilə istirahət edənlərin xidmətindədir. Park ərazisində möhtəşəm yolka ilə yanaşı, rəngli işıqlarla bəzədilən nəqliyyat vasitələri, oyuncaq maketləri həm balacaların, həm də böyüklərin ürəyincə olacaq. “Sahil bağı”, Fəvvarələr meydanı və digərləri də bu il bayram istirahətini əyləncəli şəkildə yaşamaq istəyənləri gözləyəcək!
Bayramınız Mübarək!
Fotolar: Aslan Vali
Bütün xəbərlər Facebook səhifəmizdə