“Ümidlərin izi ilə” kriminal-dedektiv romanının təqdimatı keçirilib

Bu gün kriminal-dedektiv janrda olan daha bir roman işıq üzü gördü. SİA-nın xəbərinə görə, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq və "2010-cu ilin ən yaxşı dedektiv roman nominasiyasının qalibi" Müşfiq Xanın birgə araya ərsəyə gətirdiyi kitab "Ümidlərin izi ilə" adlanır.


Kriminal-dedektiv roman tarixi faktlar; əsir və girovluqda olan canlı şahid xatirələri, MTN-nin arxiv materialları əsasında yazılıb.


İki gəncin nakam məhəbbətindən bəhs edən romanda Aytəkin və Ramilin bir-birindən ayrı düşməsinin səbəbi göstərilir. Universitet tələbələri olan gənclərin bir-birindən ayrılmalarına səbəb azərbaycanlılara qarşı törədilən -Xocalı faciə olur.


Roman müxtəlif süjet xəttləri ilə inkişaf etdirilib: Xocalıda girov düşərək Fransaya qədər aparılan Aytəkinin hisslərini, keçirtdiyi acı günləri əks etdirən "Girov qadının xatirələri" sətirlərə həkk olunan romanda 20 il boyunca hər an sevgilisi Aytəkinə qovuşmaq ümidi ilə yaşayan keçmiş kəşfiyyatçı Ramilin yaşantıları da ürəkləri dağlayır.


"Ümidlərin izi ilə" romanının yazılmasından məqsəd Xocalı faciəsinin fəlakətini bədii yolla, axıcı süjet xətti ilə oxucuya çatdırmaqdır. Milli-mənəvi dəyərlər, vətənə, millətə bağlılıq təbliğ edən roman, gənc nəslin bu istiqamətdə maarifləndirilməsinə xidmət edir.


Xocalı faciəsini dünya ictimaiyyətinə daha da ətraflı çatdırlımasını mənəvi borc hesab edən müəlliflər "Ümidlərin izi ilə" kriminal-dedektiv romanını bir neçə xarici dilə də tərcümə etdirməyi nəzərdə tutublar.


Qeyd edək ki, kitabın birinci nəşrindən əldə olunan vəsaitdən Xocalıdan olan məcburi köçkün ailələrinə yardım ediləcək.



Aynurə Asimqızı

Bütün xəbərlər Facebook səhifəmizdə