"Yolların mərhələli açılması sakinlərin rahatlığını təmin edəcək" - EKSPERTİN AÇIQLAMASI

"Yolların mərhələli açılması sakinlərin rahatlığını təmin edəcək" - EKSPERTİN AÇIQLAMASI

"Son illərdə Formula 1 yarışları ilə bağlı yenilik formalaşıb. Belə ki, bəzi küçələrdə, xüsusilə Puşkin və Üzeyir Hacıbəyli küçələrində, eləcə də bir sıra digər ərazilərdə axşam saatlarında sakinlərin rahatlığını təmin etmək məqsədilə yarış başa çatdıqdan sonra yolların açılması nəzərdə tutulur.Yəni əvvəlki illərdə olduğu kimi tam qapanma olmayacaq". Bu sözləri SİA-ya açıqlaması zamanı nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, bu il isə, hələlik, Hökumət Evinin arxasındakı Üzeyir Hacıbəyli küçəsində yolun tam deyil, təxminən yarıya qədər bağlandığını görürük: "Düşünürəm ki, bu da müəyyən mənada yenilikdir. Məqsəd həm əhalinin rahatlığını təmin etmək, həm digər hərəkət iştirakçıları üçün mümkün çətinlikləri azaltmaq, həm də nəqliyyat axınını daha effektiv tənzimləməkdir.

Təbii ki, Formula 1 yarışlarının keçirildiyi bir həftə ərzində müəyyən nəqliyyat məhdudiyyətlərinin tətbiqi bəzi çətinliklər yarada bilər. Lakin düşünürəm ki, Bakı sakinləri artıq uzun illərdir bu prosesə öyrəşiblər və ciddi problemlərin yaşanacağını düşünmürəm. Əsas məsələ aidiyyəti qurumların əvvəlcədən verdiyi məlumatları diqqətlə izləmək və alternativ marşrutlardan düzgün istifadə etməkdir.

Bu il Formula 1 yarışları ilə yanaşı, metro xətlərində də müəyyən dəyişikliklərin və ayrılmaların olması nəqliyyat yükünü bir qədər artıra bilər. Lakin aidiyyəti qurumların açıqlamalarından görünür ki, onlar yarana biləcək çətinliklərin minimuma endirilməsi və nəqliyyatın normal fəaliyyətinin təmin olunması üçün bütün imkanları səfərbər etməyə hazırdırlar".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə