"Gənclər dövlətin sosial siyasətinin əsas prioritetlərindən biridir. Çünki gənclər ölkənin keyfiyyətli insan kapitalının formalaşmasında mühüm rol oynayan əsas təbəqədir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan gəncləri kifayət qədər bacarıqlı, qabiliyyətli və intellektual potensiala malikdir: "Onlar elm, təhsil, idman, incəsənət və digər sahələrdə özlərini uğurla təsdiq edirlər.
Dövlət tərəfindən gənclərin inkişafına hər zaman xüsusi diqqət və dəstək göstərilir. Gənclər haqqında qanun, gənclər strategiyası, onların məşğulluğunun təmin olunması və sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən proqramlar bunun göstəricisidir. Xüsusilə aztəminatlı gənclərin sosial müdafiəsi və onların imkanlarının genişləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Azərbaycan dövləti hər il 500-dən artıq gəncin xaricdə təhsil almasına dəstək göstərir. Bu, həm sosial dövlət mahiyyətinin, həm də gənclərin bilik və bacarıqlarının inkişafına verilən önəmin göstəricisidir. Eyni zamanda, gənclərin məşğulluğunun təmin edilməsi ilə bağlı proqramlar həyata keçirilir, mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli mənzil imkanları təqdim olunur.
Gələcəkdə də gənclərin daha geniş kateqoriyalarını əhatə edən yeni layihə və proqramların həyata keçirilməsi nəzərdə tutulur. Qabiliyyətli və istedadlı gənclərə dövlət dəstəyi müxtəlif sahələrdə – incəsənət, neft sənayesi, idman, elm və digər istiqamətlərdə davam etdirilir.
Dövlətin kadr siyasətində gənclərə üstünlük verilməsi də gənclər siyasətinin məqsədyönlü və hədəfyönlü xarakter daşıdığını bir daha təsdiqləyir. Şübhəsiz ki, yüksək potensiala, bacarıq və istedada malik gənclər dövlətin diqqət və qayğısı ilə əhatə olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB