Yas mərasimlərinin müddəti necə tənzimlənə bilər? - İLAHİYYATÇI DANIŞDI

Yas mərasimlərinin müddəti necə tənzimlənə bilər? - İLAHİYYATÇI DANIŞDI

Azərbaycanda yas məclislərinin daha qısa müddətdə keçirilməsi və bu sahədə müəyyən zaman məhdudiyyətlərinin tətbiqi məsələsi tez-tez müzakirə mövzusu olur.

Bəs yas mərasimlərinin 2–3 saat ərzində keçirilməsi nə dərəcədə mümkündür? Belə bir qaydanın tətbiqi hansı hallarda məhdudiyyətlərə səbəb ola bilər?

Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfan SİA-ya açıqlamasında bildirib ki, İslam dinində yas mərasiminin keçirilməsi üçün konkret zaman çərçivəsi müəyyən edilməyib.

Onun sözlərinə görə, mərasimin müddəti məsafə, məkan və digər amillərdən asılı olaraq dəyişə bilər:

“Əgər söhbət dəfn mərasimindən gedirsə, bu mərasim təbii olaraq maksimum 2–3 saata başa çatdırılır. Yas mərasimlərində insanların uzun müddət oturaraq söhbət etməsi və ya yemək süfrəsi gözləməsi İslam ənənələrinə uyğun deyil.

Yas mərasimində iştirak edənlər maddi və mənəvi dəstək göstərib, başsağlığı diləyərək çox qalmamalıdırlar. Çünki yas sahibinə yük olmaq, məclisi ağırlaşdırmaq İslam ənənələrinə ziddir. Lakin tələsik şəkildə yas sahibini tək qoyub dağılışmaq da düzgün deyil. Yas sahibinə təsəlli vermək və dəstək olmaq üçün yaxın qohumların və dostların məclisin sonuna qədər qalması məqsədəuyğundur.

İnsanların yas mərasimində hansı vaxt kəsiyində iştirak etməsinə müdaxilə etmək də uyğun deyil. Çünki mərasimə uzaqdan gələn və müxtəlif vaxtlarda çatmaq məcburiyyətində qalan şəxslər ola bilər.

Əsas diqqət yas mərasimlərində israfçılığın, xurafatın və artıq ritualların qarşısının alınmasına yönəldilməlidir. Onsuz da son zamanlar yas mərasimlərinin müddəti qısalıb”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə