"Palçıq vulkanları Azərbaycanın beynəlxalq turizm marağını artırır" - EKOLOQ DANIŞDI

"Azərbaycan dünyanın ən zəngin palçıq vulkanı bölgələrindən biri hesab olunur. Dünyadakı palçıq vulkanlarının böyük bir hissəsinin məhz ölkəmizin ərazisində yerləşməsi Azərbaycanın təbii irsini daha da unikal edir. Bu nadir təbiət hadisələri yalnız geoloji baxımdan deyil, həm də turizm və ekoturizm potensialı baxımından böyük əhəmiyyət daşıyır".

Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycanda ekoturizmin inkişafına marağın artması palçıq vulkanlarının da diqqət mərkəzinə çevrilməsinə səbəb olub: "Dünyadakı 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycan ərazisində yerləşir. Palçıq vulkanları əsasən Abşeron yarımadasında, Qobustanda və Xəzər dənizi hövzəsində yayılıb. Xüsusilə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu yaxınlığında yerləşən vulkanlar həm yerli, həm də xarici turistlərin marağına səbəb olur. Bu vulkanlar yerin dərin qatlarından çıxan qazların və minerallarla zəngin palçığın təsiri nəticəsində formalaşır. Bəzi vulkanların fəaliyyəti zamanı alov püskürməsi və gurultulu səslər müşahidə olunur ki, bu da onların geoloji baxımdan nə qədər maraqlı olduğunu göstərir.

Palçıq vulkanlarının ekoturizm üçün əhəmiyyəti çoxşaxəlidir. İlk növbədə, bu ərazilər insanlara təbiətin nadir və fərqli görüntülərini təqdim edir. Vulkanların yaratdığı qeyri-adi landşaft turistlər üçün xüsusi maraq doğurur. Bundan əlavə, bəzi palçıq növlərinin müalicəvi xüsusiyyətlərə malik olduğu düşünülür və bu amil sağlamlıq turizmi baxımından da geniş imkanlar yaradır.

Ekoturizmin əsas məqsədi təbiəti qorumaqla turizmi inkişaf etdirməkdir. Azərbaycanda palçıq vulkanları ətrafında ekoloji marşrutların yaradılması, müşahidə meydançalarının qurulması və maarifləndirici proqramların təşkili bu istiqamətdə mühüm addımlar hesab olunur. Bu cür layihələr həm turistlərin məlumatlandırılmasına, həm də təbiətə mənfi təsirin qarşısının alınmasına kömək edir.

Palçıq vulkanlarının beynəlxalq səviyyədə tanıdılması da ölkənin turizm potensialını artırır. Xarici turistlər üçün bu ərazilər ekzotik və nadir təbiət möcüzəsi kimi qəbul olunur. Azərbaycanın beynəlxalq sərgilərdə və turizm forumlarında bu təbii abidələri tanıtması ölkəyə marağın artmasına səbəb olur.

Bununla yanaşı, palçıq vulkanlarının qorunması mühüm məsələdir. Ərazilərdə nəzarətsiz hərəkət, tullantıların atılması və ekoloji qaydalara əməl olunmaması bu unikal təbiət abidələrinə zərər verə bilər. Buna görə də ekoturizmin inkişafı ilə yanaşı, təbiətin mühafizəsi də əsas prioritetlərdən biri olmalıdır.

Belə qənaətə gəlmək olar ki, Azərbaycandakı palçıq vulkanları həm elmi, həm ekoloji, həm də turizm baxımından böyük sərvət hesab olunur. Bu təbiət möcüzələrinin düzgün qorunması və tanıdılması ölkədə ekoturizmin inkişafına ciddi töhfə verə, Azərbaycanın dünya turizm xəritəsində mövqeyini daha da gücləndirə bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə