“İctimai binalara yazılan cızma-qaralar cəmiyyətə və milli dəyərlərə hörmətsizlikdir” -SOSİOLOQ DANIŞDI

“İctimai məkanlarda, xüsusilə də inzibati və mədəni əhəmiyyət daşıyan binaların üzərində qeyri-qanuni yazı və cızmaqaraların meydana çıxması cəmiyyət üçün narahatedici tendensiya kimi qiymətləndirilə bilər”.
Bu sözləri SİA -ya açıqlamasında sosioloq, əməkdar jurnalist Mətanət Məmmədova bildirib.
Onun sözlərinə görə, bu cür hallar uzun müddət daha çox xarici filmlərdə və seriallarda müşahidə olunan davranış modeli kimi qəbul edilirdi. Həmin nümunələrdə fərdlərin emosional vəziyyətlərini ifadə etmək məqsədilə divarlara yazılar yazması, müxtəlif simvollar və mesajlar yerləşdirməsi təsvir olunurdu. Lakin bu praktika Azərbaycan cəmiyyətinin estetik və mənəvi dəyərləri ilə uzlaşmayan bir davranış forması kimi xarakterizə olunur.

Xüsusilə son illərdə bəzi xarici təsirlərin nəticəsi olaraq bu tip davranışların yerli mühitdə də müşahidə olunması sosial-mədəni baxımdan müəyyən suallar doğurur. Küçə divarlarında, ictimai obyektlərdə və hətta tarixi-mədəni əhəmiyyətli tikililərdə müxtəlif yazıların, o cümlədən qeyri-etik ifadələrin yer alması həm şəhər mühitinin vizual görünüşünə, həm də ümumi ictimai nizam-intizama mənfi təsir göstərir.

Bu kontekstdə Nizami Kino Mərkəzi kimi dövlət tərəfindən qorunan inzibati və mədəni obyektlər üzərində bu cür cızmaqaraların aparılması xüsusilə ciddi məsələ kimi qiymətləndirilməlidir. Belə binalar yalnız fiziki infrastrukturu deyil, həm də milli-mənəvi dəyərləri, tarixi yaddaşı və mədəni irsi təmsil edir. Ona görə də bu obyektlərə qarşı edilən hər hansı qeyri-qanuni müdaxilə yalnız estetik pozuntu deyil, eyni zamanda hüquqi məsuliyyət yaradan bir hərəkətdir.

Məsələnin digər tərəfi isə onun sosial-psixoloji aspekti ilə bağlıdır. Belə davranışlar çox vaxt fərdi məsuliyyətin zəifliyi, ictimai mülkiyyətə qarşı laqeyd münasibət və bəzi hallarda xarici təsirlərin təqlidi kimi izah olunur. Əgər bu kimi hallar vaxtında qarşısı alınmazsa, onların geniş yayılması və normallaşması riski yaranır. Bu isə gələcəkdə şəhər mühitinin estetik görünüşünün pozulmasına, ictimai mədəniyyətin zəifləməsinə gətirib çıxara bilər.

Bu səbəbdən də belə hallara qarşı həm hüquqi, həm də maarifləndirici tədbirlərin görülməsi vacibdir. Qanunvericiliyə uyğun olaraq bu cür əməlləri törədən şəxslərin məsuliyyətə cəlb olunması ilə yanaşı, cəmiyyətdə ictimai mülkiyyətə hörmət hissinin formalaşdırılması da xüsusi əhəmiyyət kəsb edir. Maarifləndirmə tədbirləri, ictimai qınaq və sosial məsuliyyət anlayışının gücləndirilməsi bu problemin qarşısının alınmasında mühüm rol oynaya bilər.

İctimai və inzibati binaların qorunması yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən bir məsuliyyətdir. Belə obyektlər milli kimliyin və mədəni irsin ayrılmaz hissəsidir. Onların qorunması və gələcək nəsillərə sağlam şəkildə ötürülməsi üçün hər bir vətəndaş öz məsuliyyətini dərk etməli və bu kimi hallara qarşı həssas yanaşmalıdır”

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə