“Pandemiya insan psixologiyasında dərin izlər və yeni davranış modelləri yaratdı“ -PSİXOLOQ DANIŞDI

“Pandemiya dövrü yalnız qlobal səhiyyə böhranı kimi deyil, eyni zamanda insan psixikasının, idrak mexanizmlərinin və sosial davranış modellərinin dərin şəkildə müşahidə olunduğu xüsusi bir mərhələ kimi yadda qaldı. Bu dövr fərdlər üçün bir növ “psixoloji sınaq mühiti” rolunu oynadı və hər kəs bu reallığı öz düşüncə səviyyəsinə, xarakterinə və daxili dayanıqlığına uyğun şəkildə qəbul etdi”.
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Onun sözlərinə görə, pandemiyadan sonrakı mərhələdə insanların həm emosional, həm də fizioloji vəziyyətində nəzərəçarpacaq dəyişikliklər müşahidə olunmağa başladı:

” Qoxu və dad hissinin zəifləməsi, yaddaş problemləri, davranışda dəyişikliklər və yeni şəraitə uyğunlaşma çətinlikləri çox vaxt həmin dövrün təsirləri ilə əlaqələndirilir. Uzun müddət evdə qalmaq insanlara bir-birini daha yaxından tanımaq imkanı versə də, eyni zamanda ailədaxili münasibətlərdə gizli qalan gərginliklərin üzə çıxmasına səbəb oldu. Bununla yanaşı, bəzi münasibətlərdə problemlərin həll olunması üçün də müəyyən şərait yarandı.

Sosial mühitdə baş verən dəyişikliklər insanların hadisələrə baxış bucağını da yenidən formalaşdırdı. Təcrid, qeyri-müəyyənlik və itki hissi bir çox insanın həyat fəlsəfəsinə təsir edərək prioritetlərini dəyişdirdi. Bəziləri üçün bu dövr daha dərin düşünmək, həyatı yenidən qiymətləndirmək və ona daha möhkəm bağlanmaq üçün bir dönüş nöqtəsinə çevrildi.

Bu gün psixoloji sabitliyin qorunması fərdin öz daxili vəziyyətini dərk etməsindən keçir. İnsan özünə nəyin zərər verdiyini anlayarsa, həmin amillərdən uzaqlaşmaq və ya onları məhdudlaşdırmaq bacarığını inkişaf etdirə bilər. Məsələn, sosial şəbəkələrdən yorulan şəxslər istifadə müddətini tənzimləməklə psixoloji yüklənmənin qarşısını ala bilərlər. Eyni zamanda düzgün maraqların formalaşdırılması, konkret məqsədlərin müəyyən edilməsi və nizamlı həyat tərzi psixoloji rifahın əsas şərtlərindəndir.

Pandemiya bir daha sübut etdi ki, insan psixikası həm həssas, həm də olduqca uyğunlaşa bilən bir sistemdir. Özünü tanıyan, davranışlarını idarə etməyi bacaran fərd bu kimi çətin dövrlərdən daha güclü çıxa bilir. Əks halda, məqsədsiz və nəzarətsiz həyat tərzi psixoloji inkişafı ləngidə bilər. Buna görə də hər bir insan gündəlik həyatını şüurlu şəkildə qurmalı və psixoloji sağlamlığını qorumaq üçün məsuliyyət daşımalıdır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə