"Uzunmüddətli tətil insanların psixologiyasına nə qədər müsbət təsir göstərirsə, işə və ya dərsə yenidən adaptasiya prosesi bir o qədər çətin ola bilər".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, əgər uzunmüddətli tətil varsa, onun ilk hissəsini daha səmərəli və dolğun şəkildə dəyərləndirmək lazımdır: "Tətilin sonuna yaxın isə artıq yavaş-yavaş iş rejiminə və ya dərs prosesinə adaptasiya olunmaq vacibdir.
Məsələn, şagirdlər dərslərə tədricən qayıtmalı, dərs materiallarını yüngül şəkildə təkrar etməyə başlamalıdırlar. İşləyən insanlar isə işləri ilə bağlı məsələləri öncədən nəzərdən keçirməli, planlarını tədricən aktivləşdirməlidirlər.
Əsas məsələ odur ki, yüklənmə birdən-birə deyil, mərhələli şəkildə artırılmalıdır. Çünki psixoloji və fiziki olaraq ağır yükü qəfil qəbul etmək insan üçün çətin olur. Buna görə də adaptasiya prosesi addım-addım həyata keçirilməlidir. Eyni zamanda, insan özü üçün düzgün düşüncə formalaşdırmalıdır: necə ki, tətil var, eləcə də iş də həyatın ayrılmaz hissəsidir. İş olduqda istirahət daha dəyərli görünür. İnsan bilməlidir ki, işlədikdən sonra yenə istirahət etmək imkanı olacaq - istər qısamüddətli, istərsə də uzunmüddətli.
Xüsusilə nəzərə alsaq ki, bir çox iş yerlərində həftəsonları istirahət günləridir, bu da insanlara mütəmadi olaraq dincəlmək imkanı verir. Bu baxımdan, işə və ya dərsə qayıdışı faciə kimi deyil, həyatın normal axarı kimi qəbul etmək daha sağlam yanaşmadır.
Digər vacib məqam isə istirahətin keyfiyyətidir. İnsan istirahət etdiyi müddətdə - istər 3 gün, istər 5 gün - mümkün qədər işdən uzaq qalmalı, həqiqətən bədənini və zehnini dincəltməlidir. Çünki, xüsusilə özəl sektorda çalışan insanlar çox zaman istirahət günlərində belə işləyir və nəticədə yorğunluq tam aradan qalxmır.
Bu səbəbdən, düzgün planlaşdırılmış tətil və mərhələli adaptasiya həm psixoloji rahatlıq, həm də məhsuldarlıq üçün olduqca vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB