Sürücülər, diqqətli olun - bu qaydaları pozanları 40 manat cərimə gözləyir...

Dünən və bu gün davam edən yağışlı hava paytaxt küçələrində piyadalar üçün ciddi narahatlıq yaradır. Belə ki, yollarda yığılan su avtomobillərin təkərləri vasitəsilə yol kənarında dayanan insanların üzərinə sıçrayır. Bu hal xüsusilə sürücülərin sürəti artırdığı zaman daha qabarıq şəkildə özünü göstərir və piyadaların gündəlik hərəkətini çətinləşdirir.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək yağışlı havada daha diqqətli olmağı tövsiyə edir. Bildirilir ki, yol hərəkətində piyadaların təhlükəsizliyi bütün iştirakçılar tərəfindən mütləq nəzərə alınmalıdır və belə halların qarşısı alınmalıdır.

Qeyd edək ki, bu kimi hallara yol verən sürücülər məsuliyyət daşıyır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsinə əsasən, yolda suyun və ya palçığın piyadaların, binaların və ya digər nəqliyyat vasitələrinin üzərinə qəsdən sıçradılmasına görə 40 manat məbləğində cərimə tətbiq olunur.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə