İnsanlar sosial mediada niyə təhqirə və aqressiv hərəkətlərə yol verirlər? - PSİXOLOQ AÇIQLADI

“Aqressiya və təhqir son dövrlərdə insanlar arasında nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə sosial şəbəkələrin həyatımızda geniş yer tutması bu davranışların daha açıq şəkildə ortaya çıxmasına şərait yaradır. Maraqlıdır ki, real həyatda – üz-üzə münasibətlərdə – kifayət qədər sakit, çəkingən və hətta öz fikrini ifadə etməkdə çətinlik çəkən bəzi insanlar virtual mühitdə tam fərqli davranış sərgiləyirlər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, onlar sosial platformalarda daha sərt, daha aqressiv və bəzən də həddindən artıq təhqiramiz üslubdan istifadə edirlər:

”Hətta bəzi hallarda bu aqressiya təhdid və qorxutma səviyyəsinə qədər yüksəlir. Bu vəziyyətin yaranmasının bir neçə səbəbi var. Əvvəla, sosial mediada anonimlik və ya məsafə hissi insanlara özlərini “gizli” və “cəzadan uzaq” kimi hiss etdirir. Bu da onların real həyatda etməyə cəsarət etmədikləri davranışları virtual mühitdə rahatlıqla sərgiləməsinə səbəb olur. Digər tərəfdən, bəzi insanlar daxili narazılıqlarını, streslərini və ya komplekslərini məhz bu cür aqressiv davranışlarla “boşaltmağa” çalışırlar. Nəticədə sosial media bir növ emosional boşalma meydanına çevrilir.

Lakin unutmamaq lazımdır ki, qarşı tərəf bizə heç bir zərər vermədiyi halda, sadəcə fərqli düşüncəyə malik olduğuna görə onu təhqir etmək və ya hədələmək ciddi etik və psixoloji problemin göstəricisidir. Bu, insanın empatiya qabiliyyətinin zəifliyindən, özünə inamsızlıqdan və ya daxili balanssızlıqdan qaynaqlana bilər. Sağlam şəxsiyyətə malik insan fikir ayrılığını təhqirlə deyil, arqumentlərlə və mədəni ünsiyyətlə ifadə edir.

Bundan əlavə, sosial mediada yayılan aqressiv dil cəmiyyətə də mənfi təsir göstərir. Bu cür davranışlar zamanla normallaşa və başqaları üçün də “qəbul edilən” ünsiyyət forması kimi görünə bilər. Xüsusilə gənc nəsil bu davranışlardan təsirlənərək eyni üslubu təkrarlaya bilər ki, bu da ümumi ünsiyyət mədəniyyətinin zəifləməsinə gətirib çıxarır.

Nəticə olaraq, sosial media həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, burada sərgilədiyimiz davranışlar real həyatda kim olduğumuzun bir göstəricisidir. Hər bir fərd öz sözlərinə və davranışına məsuliyyətlə yanaşmalı, fərqli fikirlərə hörmət etməyi öyrənməlidir. Aqressiya və təhqir heç bir problemi həll etmir, əksinə, həm fərdi, həm də cəmiyyət səviyyəsində daha böyük problemlərin yaranmasına zəmin yaradır.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə