"Gündəlik qidalanmada su həyati əhəmiyyət daşıyır" - EKSPERT DANIŞDI

"Gündəlik qidalanmada ən vacib qida su olmalıdır. Hər bir insan gün ərzində təxminən iki litr su qəbul etməlidir, çünki nə qədər keyfiyyətli və təbii qidalar qəbul etsək də, su orqanizm üçün ən vacib amildir".

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, yaşıl qidalar - tərəvəz və göyərtilər - gündəlik qidalanmada mütləq yer almalıdır: "Müxtəlif salatlar və göyərtilər vitamin və minerallarla zəngindir, xüsusilə B və C vitaminləri ilə təmin edir. Eyni zamanda ürək-damar xəstəliklərinin və piylənmənin qarşısını almağa kömək edir.

Yağlardan düzgün şəkildə istifadə vacibdir. Yağsız həyat mümkün deyil, çünki onlar beyin və göz sağlamlığı üçün önəmlidir. Bu baxımdan zeytun yağı daha faydalı seçim hesab olunur.

Çərəzlər də gündəlik qidalanmada yer ala bilər, çünki onlar vitamin, mineral və faydalı yağlarla zəngindir. Süd və süd məhsulları - qatıq, kəsmik və s. - orqanizm üçün vacibdir və mütləq istifadə olunmalıdır.

Balıq və balıq məhsulları da çox önəmlidir. Onların tərkibində olan omega-3 yağ turşuları ürək sağlamlığını qoruyur, beyin fəaliyyətini yaxşılaşdırır və bəzi xəstəliklərin riskini azaldır. Yumurta da faydalı qidalardandır, lakin onu həddindən artıq istifadə etmək düzgün deyil. Həftədə iki-dörd dəfə istifadə olunması daha məqsədəuyğundur.

Meyvələr də gündəlik qidalanmanın vacib hissəsidir. Onlar vitamin və minerallarla zəngindir, immun sistemini gücləndirir və damar sağlamlığını qoruyur. Eyni zamanda bəzi qidalardan uzaq durmaq lazımdır. Bunlara hazır və yarımfabrikat məhsullar, kolbasa, sosiska, konservlər və fast food - məsələn, burger, dönər və s. - daxildir. Bu cür qidaların tez-tez istifadəsi müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə