“Azərbaycan qanunvericiliyinə görə, boşanma zamanı ər-arvad arasında bölünən əmlakdan uşaqlara birbaşa pay düşmür. Çünki nikah dövründə əldə olunan əmlak hüquqi baxımdan ər-arvadın birgə mülkiyyəti hesab olunur və onun bölgüsü yalnız tərəflər – yəni ər və arvad arasında aparılır”.
Bu sözləri SİA-ya açıqlamasında vəkil Səma Əhmədova deyib.

O bildirib ki, bu qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.1-ci maddəsində də təsbit olunub:
”Həmin maddəyə əsasən, ər-arvad arasında bağlanmış müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı payları bərabər hesab edilir, yəni əksər hallarda əmlak 50/50 nisbətində bölünür.
Bununla belə, müəyyən istisna hallar mümkündür. Ailə Məcəlləsinin 37.2-ci maddəsinə görə, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq və ya tərəflərdən birinin diqqətəlayiq maraqlarını qiymətləndirərək əmlak bölgüsündə payların bərabər olmaması barədə qərar qəbul edə bilər. Məsələn, uşaqların yaşayış şəraiti və təminatı ilə bağlı məsələlər nəzərə alınaraq valideynlərdən birinə daha böyük pay verilə bilər.
Digər tərəfdən, uşaqlar boşanma zamanı əmlakdan pay almasalar da, onlar valideynlərinin qanuni vərəsələri sayılırlar. Bu o deməkdir ki, valideynlərdən biri vəfat etdikdə, əgər vərəsəlik hüququndan məhrum edilməyiblərsə, həmin şəxsin mülkiyyətində olan ev, avtomobil və digər əmlakdan qanun üzrə vərəsəlik qaydasında pay almaq hüququna malikdirlər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB