Çərəzləri necə istehlak etmək lazımdır? - AÇIQLANDI

“Hər qidada olduğu kimi, çərəzlər də düzgün miqdarda istehlak edildikdə faydalıdır. Onlar vitaminlər, minerallar, sağlam yağlar və antioksidantlarla zəngin qidalar hesab olunur. Lakin faydalı olması onların həddindən artıq yeyilə biləcəyi anlamına gəlmir”.

Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

O bidlirib ki, çərəzlər yüksək kalorili məhsullardır:

“Tərkibindəki yağlar əsasən faydalı yağlar olsa da, miqdar çox olduqda orqanizmdə artıq enerji yığılır və bu da çəki artımına səbəb ola bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda bu risk daha yüksəkdir.

Bundan əlavə, çərəzlər liflə zəngin olduğu üçün həzm sisteminə müsbət təsir göstərir. Amma həddindən artıq qəbul edildikdə əksinə, mədədə ağırlıq hissi, şişkinlik, qaz və bəzi hallarda ishal yarada bilər. Həssas həzm sistemi olan insanlarda bu təsirlər daha tez özünü göstərə bilər.

Bəzi çərəz növlərində (xüsusilə badam, fındıq, yer fıstığı və s.) oksalat maddəsi olur ki, bu da çox istifadə edildikdə böyrəklərdə daş yaranma riskini artıra bilər. Eyni zamanda, qovrulmuş və duzlu çərəzlərdə natrium miqdarı yüksək olur. Bu isə bədəndə suyun tutulmasına, ödem yaranmasına və qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər.

Digər bir məqam isə allergik reaksiyalardır. Bəzi insanlarda çərəzlər, xüsusilə yer fıstığı güclü allergiya yarada bilər ki, bu da diqqətli olmağı tələb edir.

Ən sağlam seçim çərəzləri çiy, duzsuz və əlavə işlənmədən keçməmiş halda istehlak etməkdir. Mütəxəssislər gündə orta hesabla bir ovuc (təxminən 25–30 qram) çərəz qəbulunu məsləhət görür. Bu miqdar həm orqanizmin ehtiyacını qarşılayır, həm də mümkün mənfi təsirlərin qarşısını alır.

Nəticə olaraq, çərəzlər düzgün miqdarda qəbul edildikdə sağlam qidalanmanın vacib hissəsidir. Amma “faydalıdır” deyə həddindən artıq istifadə etmək əks təsir göstərə bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə