İçdiyimiz su nə qədər safdır? - EKSPERT DANIŞDI

“Dünyanın bir çox şəhərlərində olduğu kimi, Bakı şəhərində də əhaliyə təqdim olunan içməli su ümumilikdə ekoloji baxımdan təmizlənmiş şəkildə verilir”.
Bu sözləri SİA-ya açıqlamasında ekoloq Rövşən Abbasov bildirib.

Onun sözlərinə görə, bu suyun tərkibində insan sağlamlığı üçün birbaşa təhlükə yaradan maddələr, adətən, mövcud olmur:

”Lakin əsas problemlərdən biri suyun istehlakçılara çatdırılması prosesində, yəni paylayıcı şəbəkə vasitəsilə daşınması zamanı müəyyən çirklənmələrə məruz qalmasıdır.

Məlum olduğu kimi, suyun dezinfeksiyası məqsədilə onun tərkibinə xlor əlavə olunur. Bu üsul hazırda su təchizatı ilə məşğul olan qurumlar, o cümlədən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən geniş tətbiq edilir. Xlor mikroorqanizmlərin məhv edilməsi üçün effektiv vasitə hesab olunsa da, suyun dadında və qoxusunda müəyyən dəyişiklik yarada bilir. Bu səbəbdən bir çox istehlakçı belə suyu xüsusilə təbii bulaq suyu ilə müqayisədə daha az xoş qarşılayır.

Mütəxəssislər xlorlu suyun birbaşa içilməsini məsləhət görmürlər. Xlorun miqdarını azaltmaq üçün suyun müəyyən müddət açıq qabda saxlanılması tövsiyə edilir. Çünki xlor uçucu maddədir və bir müddət sonra sudan ayrılaraq azalır. Eyni zamanda, xlorlu suyun qaynadılması da məsləhət görülmür. Yüksək temperatur təsiri ilə xlor bəzi hallarda zərərli kimyəvi birləşmələrə çevrilə bilər.

Digər tövsiyələrdən biri də içməli suyun daha çox axşam saatlarında götürülməsidir. Səhər saatlarında boru xətlərində uzun müddət qalan suda xlorun miqdarı nisbətən yüksək ola bilər ki, bu da sağlamlıq baxımından müəyyən risk yarada bilər.

Bakı şəhərinə verilən suyun codluğu məsələsi də diqqətdə saxlanılmalıdır. Suyun tərkibində kalsium və maqnezium ionlarının miqdarının yüksək olması onun codluğunu artırır. Əgər su qaynadıldıqdan sonra bir müddət sonra çöküntü əmələ gəlirsə, bu, suyun cod olduğuna işarədir. Belə hallarda suyun təkrar qaynadılması, həmçinin xüsusi filtrlərdən və su yumuşaldıcı cihazlardan istifadə edilməsi tövsiyə olunur.

Cod suyun uzun müddət fasiləsiz istifadə olunması bəzi hallarda qanda laxtalanmanın artmasına və damarların tutulması riskinin yüksəlməsinə səbəb ola bilər. Buna görə də suyun keyfiyyətinə nəzarət etmək və mövcud texniki vasitələrdən düzgün istifadə etmək sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyı”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə