"Bayramlarda ailənin bir araya gəlməsi sevgi və birlik hissini gücləndirir" - PSİXOLOQ DANIŞDI
"Bayramların ailə mühitində birlikdə qeyd olunması uşaqların psixoloji və sosial inkişafında mühüm rol oynayır".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aydan Məmmədova bildirib.
Onun sözlərinə görə, belə mühitdə böyüyən uşaqlar emosional baxımdan özlərini daha güvənli və qorunan hiss edirlər:
"Ailə üzvlərinin bir araya gəlməsi, bir süfrə ətrafında toplaşması, qarşılıqlı ünsiyyət və paylaşım uşaqların yaddaşında müsbət emosional təcrübə kimi formalaşır. Bu proses həm də onların şəxsiyyət kimi inkişaf etdiyi dövrdə milli adət-ənənələr haqqında aydın təsəvvür yaradır və mənəvi dəyərlərin mənimsənilməsinə kömək edir. Eyni zamanda, ailə daxilində yaranan bu emosional mühit uşaqlara güvən hissini aşılayır və ailə obrazının formalaşmasına təsir göstərir.
Bayram günlərində ailə üzvlərinin birlikdə vaxt keçirməsi, uşaqların birgə oyunlar oynaması və ünsiyyət qurması sosial bacarıqların inkişafı üçün əlverişli şərait yaradır. Adətlərin yaşadılması və ənənələrin qorunması uşağın sosial məninin formalaşmasına müsbət təsir göstərir. Qohumlarla görüşmək, böyüklərlə ünsiyyət qurmaq, müxtəlif mövzularda fikir və hissləri paylaşmaq uşaqların sosial adaptasiyasını gücləndirən mühüm amillərdəndir. Belə mühitdə böyüyən uşaqlar daha açıq, ünsiyyətcil və sosial münasibətlərə uyğunlaşa bilən fərdlər kimi formalaşırlar. Əksinə, bəzən qonaq qəbulunu istəməyən və insanlarla ünsiyyətdən qaçan uşaqlarda müəyyən dərəcədə sosial qapanma və ya asosial davranış elementləri müşahidə oluna bilər. Lakin bu hal bütün uşaqlara şamil edilmir və bir çox hallarda ailə daxilində yaradılan ünsiyyət mühiti həmin problemlərin qarşısını ala bilir. Ümumilikdə, bayram günlərində yaranan isti və səmimi atmosfer uşaqların yaddaşında müsbət xatirələr formalaşdırır, ailə münasibətlərinin güclənməsinə və emosional dayanıqlılığın artmasına şərait yaradır. Bu isə uşaqların düşüncə və duyğu dünyasının daha sabit və balanslı inkişafına kömək edir.
Bayram personajlarının təqdim olunması məsələsi də uşaqların psixoloji vəziyyəti baxımından xüsusi diqqət tələb edir. Belə personajlar uşaqlarda maraq və sevinc yaratmalı, onlarda müsbət emosiyalar formalaşdırmalıdır. Bu baxımdan valideynlərin və müəllimlərin həmin obrazları necə təqdim etməsi böyük əhəmiyyət daşıyır. Uşaqlara bu personajlar haqqında əvvəlcədən sadə və anlaşılan dildə məlumat verilməsi, onların şəkil və videolarının göstərilməsi uşağın həmin obrazları daha rahat qəbul etməsinə kömək edir. Əgər uşağın qorxu və narahatlıq hissi nəzərə alınmadan ona “niyə qorxursan, burada qorxulu nə var?” kimi yanaşma sərgilənərsə, bu, zamanla uşağın öz hisslərini ifadə etməkdən çəkinməsinə və emosiyalarını inkar etməsinə səbəb ola bilər. Buna görə də uşağın duyğularına həssas yanaşmaq və onu birdən-birə belə situasiyalarla qarşılaşdırmamaq vacibdir.
Digər tərəfdən, bəzi valideynlər bayram tədbirlərində uşaqların bayram personajları ilə şəkil çəkdirməsini prioritet hesab edir və bəzən onları buna məcbur edirlər. Psixoloqların fikrincə, bu cür yanaşma düzgün hesab olunmur. Uşağın emosional vəziyyəti və istəyi nəzərə alınmalı, onun özünü rahat hiss etməsi əsas prioritet olmalıdır. Beləliklə, bayramların düzgün təşkil edilməsi və uşaqların emosional dünyasına həssas yanaşılması onların sağlam psixoloji inkişafı və sosiallaşması üçün mühüm amillərdən biri kimi çıxış edir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB