Qarşıdan 8 Mart - Beynəlxalq Qadınlar Günü gəlir. Amma qadına dəyər vermək üçün tək bir gün kifayət deyil. Qadınlar bu dünyanın həm sevgisi, həm də gücüdür. Onlar sevəndə dünyanı daha gözəl edir, ayağa qalxanda isə dünyanı dəyişdirmək gücünə sahib olurlar. Qadınlara yalnız bir buket çiçək yox, həm də anlayış, sevgi və dəstək lazımdır. Çünki onlar həyatımızın ən dəyərli və ən gözəl varlıqlarıdır. Bütün xanımların 8 Mart bayramı mübarək olsun!
Amma 8 Mart yaxınlaşanda bir qrup insan var ki, az qala panikaya düşür - bu da bəylərdir. Biz həmişə deyirik ki, qadınlar güclüdür. Bəylər isə məhz 8 Mart günü qadınların nə qədər güclü olduqlarına bir daha şahid olurlar. Çünki onlar üçün ən çətin məsələlərdən biri məhz hədiyyə seçimidir.
Elə buna görə də biz SİA olaraq bəylərə kömək etmək qərarına gəldik. Xanımlar üçün ən uyğun və maraqlı hədiyyələri tapmaq məqsədilə bir neçə mağazaya baş çəkəcəyik.
Gəlin görək, hansı mağazalara gedirik və xanımlar üçün hansı hədiyyələri seçmək olar.
İlk olaraq üz tutduğumuz məkan, təbii ki, ətir mağazası oldu. Bildiyiniz kimi, hər bir xanımın ən çox sevdiyi hədiyyələrdən biri məhz ətirdir. Axı ətir həm zərifliyi, həm də insanın özünəməxsus üslubunu əks etdirən ən xüsusi aksesuarlardan biridir.
“EME” mağazasına daxil olan kimi bir-birindən gözəl qoxular diqqətimizi çəkdi. Mağazada o qədər müxtəlif ətirlər var idi ki, demək olar onları saymaq mümkün deyildi. Fərqli brendlər, fərqli qoxular və hər zövqə uyğun seçimlər burada toplanmışdı. Bəs görəsən, 8 Mart bayramı münasibətilə bəylər xanımlarına hədiyyə almaq üçün daha çox hansı ətirlərə üstünlük verirlər?
Gəlin, bunu birlikdə öyrənək.

Murad Alxasov “EME” Parfum mağazalar şəbəkəsinin rəhbəri: “İnsanların zövqü fərqlidir. Bəziləri tünd qoxuları sevir, bəziləri isə şirin ətirlərə üstünlük verir. Ətirlərin tərkibi də müxtəlif olur - məsələn, ambroksan, ambroksin kimi komponentlərdən ibarət olan ətirlər var. Xanımlar gündəlik istifadə üçün də fərqli seçimlər edirlər. Elələri var ki, 12-13 müxtəlif ətir növündən istifadə etməyi sevir və hər gün fərqli qoxuya üstünlük verirlər.
Bizim mağazada demək olar ki, hər zövqə uyğun ətir mövcuddur. Ən münasib qiymətli məhsullarımız 30 millilitr olmaqla 10 manatdan başlayır və bu da demək olar ki, hər kəs üçün əlçatandır. Hazırda 30 millilitrlik 3 ədəd ətir üçün xüsusi kampaniyamız var və onları 10 manata təqdim edirik.
Eyni zamanda, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xüsusi kampaniyalarımız da təşkil etmişik. Açığı, bu kampaniyaların sayını demək olar ki, özüm də itirmişəm. Hər birini xanımları nəzərə alaraq hazırlamışıq. Burada təkcə sevgililər deyil, eyni zamanda ana, bacı, xala, bibi kimi yaxın qadınlar üçün də uyğun və maraqlı hədiyyə seçimləri mövcuddur".
Daha sonra isə üz tutduğumuz növbəti məkan xanımların həm gündəlik həyatda, həm də xüsusi günlərdə tez-tez istifadə etdiyi aksessuarlar mağazası oldu. Bildiyimiz kimi, aksessuarlar xanımların üslubunu tamamlayan və görünüşünə xüsusi zəriflik qatan ən vacib detallardan biridir.
Bu məqsədlə biz geniş mağaza şəbəkəsinə malik olan “ZZ Accessorize” mağazasına yaxınlaşdıq.
Gəlin görək, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə burada hansı xüsusi kampaniyalar təqdim olunur və xanımlar üçün hansı maraqlı seçimlər mövcuddur?

Zəhra Əlizada “ZZ Accessorize” mağazasının rəhbəri: “8 Mart yaxınlaşır və biz bu bayrama həqiqətən də xüsusi hazırlıq görmüşük. Müxtəlif endirimlər, kampaniyalar və fərqli hədiyyə seçimləri ilə həm müəllimələr, xanımlar, analar və bacılar, həm də onlara hədiyyə almaq istəyən bəylər üçün maraqlı variantlar təqdim edirik.
Xüsusilə hazırlanan kampaniyalar hər kəs üçün əlçatandır. Məsələn, premium qablaşdırmada təqdim olunan güllər və hədiyyə paketləri normalda ayrıca satılır. Lakin 8 Mart münasibətilə istənilən hədiyyəni aldığınız zaman həmin premium qablaşdırma müştərilərimizə pulsuz təqdim olunur. Beləliklə, həm hədiyyə alan, həm də hədiyyə edilən şəxs bu bayram sevincini daha xüsusi şəkildə yaşayır".
Gəlin baxaq, bayramla əlaqədar gül mağazasında təbii güllərin qiyməti neçiyədir və hansı buketlər daha çox üstünlük verilir?

“White Roses” mağazasının meneceri Emin Hüseynov: “Qiymətlər müxtəlifdir və demək olar ki, hər büdcəyə uyğun seçimlər mövcuddur. Məhsulların qiyməti 5 manatdan başlayır, 6, 7 manatdan yuxarı doğru dəyişir. Müştərilərimiz üçün fərqli büdcələrə uyğun variantlar təqdim edirik.
Məsələn, bəzi məhsullar 30, 50 və 90 manatlıq seçimlərdə olur. Bundan əlavə, 100 manatdan başlayaraq 500 manata qədər daha geniş və xüsusi hədiyyə variantları da mövcuddur. Beləliklə, hər kəs öz büdcəsinə uyğun olaraq istədiyi hədiyyəni rahatlıqla seçə bilər".
Son olaraq isə hazırda qızıldan sonra ən dəyərli zinət əşyası sayılan gümüş mağazasına getdik. Buradakı zinət əşyalarının gözəlliyi və parlaqlığı diqqətimizi çəkdi. Gəlin görək, hazırda gümüşün qiyməti nə qədərdir və beylərimiz ən çox hansı tip zinət əşyalarına üstünlük verirlər?

Gümüş mağazasının satıcısı Lalə Bağırova: “Bizdə gümüş məhsullar 925 əyarla hazırlanır və təmiz italyan gümüşündən istifadə olunur. Dərslərimiz mövcuddur, həmçinin minalı və yarımqiymətli daşlardan hazırlanmış gümüş məhsullarımız da vardır.
Qiymət aralığı 79 manatdan başlayır və 329-389 manata qədər dəyişir. Hətta hazırda endirimlərimiz də mövcuddur. Polad məhsullarımıza 50% endirim tətbiq olunub. Yeni kolleksiyamızdan gümüş bilərziklər, şahmaranlar 29, 39, 44 və 45 manat civarında satılır.
Boyunbağlarımızın qiymətləri isə 39, 49, 59, 69, 89 manat və daha yüksək qiymətlərdədir. Ziyafət və gündəlik geyimlərə uyğun olaraq boyunbağlar, sırğalar və bilərziklər mövcuddur”.
Sonda isə bizi izləyən və izləməyən hər bir xanımı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik. O gözəl gülüşünüz üzünüzdən və qəlbinizdən əksik olmasın.
Bayramınız mübarək!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB