"Hazırda əsas məsələlərdən biri psixi sağlamlıq sahəsində, xüsusilə də psixiatrik və psixoloji dəstək xidmətlərinin artırılması ehtiyacıdır. Bu xidmətlərin əlçatanlığını müəyyən statistik göstəricilərə əsasən qiymətləndirmək mümkündür. Lakin mövcud məlumatlar hər kəs üçün yetərli deyil və bu sahədə müəyyən məhdudiyyətlər qalmaqdadır. Statistik məlumatların tam olmaması, xidmətlərin real vəziyyəti barədə dəqiq göstəricilərin çatışmaması və peşəkar mütəxəssislərin azlığı bu sahədə problemlərin davam etməsinə səbəb olur".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Səbinə Bəşirzadə deyib.

Onun sözlərinə görə, psixiatrların və psixoloqların sayının az olması, maliyyə çətinlikləri və bəzi regionlarda xidmətlərin ümumiyyətlə mövcud olmaması vəziyyəti çətinləşdirir: "Azərbaycanda insanların bir qismi psixiatr və psixoloq anlayışlarını bir-biri ilə qarışdırır. Psixiatr tibbi təhsil almış və dərman yazmaq səlahiyyəti olan həkimdir. Onlar həm müalicə, həm də müəyyən hallarda psixoterapiya ilə məşğul ola bilirlər. Psixoloqlar isə əsasən psixoloji dəstək və konsultasiya xidmətləri göstərən mütəxəssislərdir və onların fəaliyyəti daha çox terapiya və psixoloji yardım üzərində qurulur.
Azərbaycanda psixiatrların və klinik psixoloqların çatışmazlığı xüsusilə regionlarda daha çox hiss olunur. Bu xidmətlər əsasən böyük şəhərlərdə, xüsusilə də Bakıda cəmləşib. Rayonlarda və ucqar ərazilərdə isə psixoloji və reabilitasiya mərkəzləri ya çox azdır, ya da ümumiyyətlə yoxdur. Bu isə regionlarda yaşayan insanların psixoloji yardım alma imkanlarını məhdudlaşdırır.
Bu vəziyyətin səbəblərindən biri də cəmiyyətdə psixoloji dəstəyə münasibətin hələ də tam formalaşmamasıdır. Bəzi insanlar psixoloqa müraciəti zəiflik kimi qəbul edir. Xüsusilə kiçik şəhər və rayonlarda insanlar şəxsi problemlərini mütəxəssisə danışmaqdan çəkinirlər. Onlar düşünürlər ki, ailə problemləri və şəxsi məsələləri başqaları tərəfindən öyrənilə bilər və bu, onların nüfuzuna mənfi təsir göstərə bilər. Xüsusilə kişilər arasında bu yanaşma daha çox müşahidə olunur.
Bununla belə, son illərdə psixoloji yardım xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində müəyyən addımlar atılır. Dövlət səviyyəsində bu xidmətlərin inkişafı üçün müxtəlif proqramlar hazırlanır. Təhsil müəssisələrində psixoloji məsləhət xidmətlərinin yaradılması, məktəblərdə və universitetlərdə psixoloqların fəaliyyət göstərməsi artıq geniş yayılmağa başlayıb. Həmçinin bəzi dövlət xəstəxanalarında psixiatr və psixoloq xidmətləri mövcuddur və bu xidmətlər vətəndaşlar üçün daha əlçatan olur.
Bundan başqa, son illərdə özəl psixoloji mərkəzlər və onlayn psixoloji konsultasiya xidmətləri də artmaqdadır. Bu xidmətlər əsasən özəl sektor və fərdi mütəxəssislər tərəfindən təşkil olunur. Lakin bütün bu addımlara baxmayaraq, psixoloji dəstək xidmətlərinin ölkə üzrə bərabər paylanması hələ də təmin olunmayıb.
Nəticədə demək olar ki, Azərbaycanda psixoloji dəstək xidmətlərinin inkişafı istiqamətində müəyyən addımlar atılsa da, bu xidmətlərin əlçatanlığı və sayı hələ də bütün əhali üçün kifayət qədər deyil və bu sahədə daha geniş tədbirlərə ehtiyac qalmaqdadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB