Xəzər rayonunda qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 1A, m.1505 ünvanında fəaliyyət göstərən qənd və karamel emalı müəssisəsində yoxlama keçiriblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, müəssisədə emal prosesinin antisanitar şəraitdə həyata keçirildiyi müəyyən edilib.

Həmçinin texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, istifadə edilən avadanlıqların korroziyaya uğradığı, anbar və emal sahəsinin təmirsiz olduğu və xammalların, hazır məhsulların saxlanma şəraitinə əməl edilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və qida təhlükəsizliyi sahəsində digər tələblərin pozulduğu aşkarlanıb.

Məhsullardan nümunələr götürülərək mikrobioloji göstəricilərin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb edilib. Sınaq nəticələri aydınlaşana kimi məhsulların dövriyyəsi qadağan olunub.

Nöqsanlar aradan qaldırılanadək müəssisədə qənd, karamel, kozinak, iris və digər konfetlərin emalı sahəsinin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə