"Vətəndaşlara yalnız etibarlı mənbələrdən məlumat almaq tövsiyə olunur" - QURUMDAN AÇIQLAMA

Son illərdə sosial media platformalarının geniş yayımlanması ilə yanaşı, dini mövzular ətrafında yanlış və qərəzli məlumatların yayılması da sürətlə artıb. Bu cür məlumatlar cəmiyyətdə çaşqınlıq, ayrı-seçkilik və dini zəmində qarşıdurmaların yaranmasına səbəb ola bilər. Məhz buna görə də dini maarifləndirmə və məlumatların düzgün təqdim olunması sahəsində sistemli işlərin təşkili aktuallıq qazanıb.

Sosial mediada dini mövzularla bağlı yayılan yanlış məlumatların qarşısının alınması üçün həm hüquqi, həm də maarifləndirici tədbirlər həyata keçirilir. Hüquqi baxımdan qanunvericilik çərçivəsində məsuliyyətin müəyyənləşdirilməsi, yanlış məlumatların aşkar olunaraq aradan qaldırılması və ictimaiyyəti düzgün məlumatlandıracaq rəsmi mənbələrin ön plana çıxarılması əsas istiqamətlərdən sayılır. Maarifləndirmə baxımından isə dini qurumlar, müvafiq dövlət orqanları və jurnalist təşkilatları ilə əməkdaşlıq edərək, insanlara dini biliklərin düzgün şəkildə çatdırılması və sosial mediada informasiyaya kritik yanaşmanın formalaşdırılması vacibdir.

SİA mövzu ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini fanatizmə, radikalizmə qarşı effektiv mübarizənin aparılması, ölkəmizdə tarixən mövcud olan multikultural mühitin, birgəyaşayış ənənələrinin qorunması və təşviqi istiqamətində maarifləndirmə tədbirləri təşkil edir. Eyni zamanda, Dövlət Komitəsinin rəsmi internet saytında mütəmadi olaraq məlumatlar dərc edilir, sosial media platformaları vasitəsilə ictimaiyyətə operativ şəkildə təqdim olunur, qurumun sosial şəbəkə hesablarında isə poster və videoçarxlar paylaşılır. Respublikamızın bir sıra media subyektlərində (televiziya, radio və internet televiziyalarında) milli-mənəvi və dini dəyərlərimizi təşviq edən, eləcə də dini maarifləndirmə işinə töhfə verən proqramlar yayımlanmaqdadır. Dövlət Komitəsi tərəfindən bu istiqamətdə verilişlər hazırlayan media qurumlarına zəruri məlumatlar və metodiki tövsiyələr şəklində dəstək göstərilir.

Vətəndaşlara dini mövzularla bağlı məlumatları yalnız rəsmi və etibarlı mənbələrdən əldə etməyi, dəqiqliyi təsdiq olunmamış məlumatları paylaşmaqdan çəkinərək ictimai məsuliyyət prinsipinə riayət etmələri tövsiyə olunur".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə