Ağsu dolaylarında nəqliyyatın hərəkəti bərpa olunub

Ağsu aşırımında nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu gün Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində buzlaşma səbəbindən bağlanan yol yenidən nəqliyyat vasitələrinin istifadəsinə açılıb. Hazırda hər iki zolaq üzrə hərəkət təmin olunub, sürücülər paytaxta və əks istiqamətlərə doğru maneəsiz hərəkət edə bilirlər.

Bununla belə, gecə saatlarında havanın temperaturunun aşağı düşməsi nəticəsində yolun sərt enişli-yoxuşlu və döngəli hissələrində yenidən buzlaşma ehtimalının yüksək olduğu bildirilir. Bu səbəbdən sürücülərə həmin saatlarda alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.

Xatırladaq ki, günorta saatlarında Ağsu aşırımında yolun bir nöqtəsində hərəkət hissəsinin hər iki zolağı buz bağladığından nəqliyyatın hərəkəti müvəqqəti olaraq tam dayanmışdı. Dərhal əraziyə yol polisi əməkdaşları və digər aidiyyəti qurumların texnikası cəlb edilib.

Buzlaşmanın aradan qaldırılması məqsədilə yolun təhlükəli hissələrinə qum-duz qarışığı səpilib. Görülən tədbirlərdən sonra buz qatı tədricən əriməyə başlayıb və nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə bərpa olunub.

Hadisə zamanı bəzi avtomobillərin yoldan çıxmasına baxmayaraq, xoşbəxtlikdən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb. Polis əməkdaşları hazırda da ərazidə xidmət apararaq hərəkətin təhlükəsizliyini təmin edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə