"Uşaqların yatma rejimi onların fiziki, zehni və emosional inkişafının ən mühüm hissələrindən biridir. Xüsusilə böyümə hormonu (GH – Growth Hormone) gecənin müəyyən saatlarında daha çox ifraz olunur. Buna görə də uşağın gec yatması həm boy artımına, həm də kognitiv və davranış inkişafına ciddi təsir edə bilər". Bu barədə SİA-ya açıqlamasında pediatr Elşən Tağıyev deyib.

Onun sözlərinə görə, böyümə hormonu gün ərzində fasilələrlə ifraz olunur, lakin ən böyük pik gecə saat 22:00–02:00 arasında və uşaq dərin yuxuya keçəndə müşahidə edilir: "Bu isə o deməkdir ki, uşaq nə qədər gec yatarsa, böyümə hormonunun pik səviyyəsinə çatması bir o qədər azalır.
Uşağın gec yatması boy artımına mənfi təsir göstərir. Uşaq gec yatdığı üçün dərin yuxuya keç qaldıqda hormonun ifraz piki aşağı səviyyədə olur. Bu vəziyyət davamlı hal aldıqda illik boy artımının azalmasına səbəb ola bilər. Sümüklərin böyümə zonaları daha az stimullaşır və nəticədə uşağın boy potensialından tam istifadə olunmur. Araşdırmalar göstərir ki, düzənli şəkildə erkən yatan uşaqlar ildə orta hesabla 0.5–1.5 sm daha çox böyüyürlər.
Gec yatma uşağın ümumi inkişafına da təsir edir. Zehni inkişaf baxımından gec yatmaq diqqəti zəiflədir, yaddaşda çətinlik yaradır, məktəb performansını aşağı salır və öyrənmə qabiliyyətini zəiflədir. Bunun səbəbi dərin yuxunun beynin məlumatları işləməsi və yaddaşı möhkəmləndirməsi üçün vacib olmasıdır. Davranış baxımından gec yatan uşaqlarda hiperaktivlik, əsəbilik, emosional qeyri-sabitlik və impulsiv davranış daha çox müşahidə olunur. Yuxu çatışmazlığı beyin ön payının fəaliyyətini zəiflətdiyi üçün bu cür davranış dəyişiklikləri meydana çıxır.
Gec yatma immun sisteminə də təsirsiz ötüşmür. Bu vərdiş uşaqlarda tez-tez xəstələnmək, infeksiyalara meyillilik və allergik xəstəliklərin şiddətlənməsi ilə əlaqələndirilir. Metabolik baxımdan gec yatmaq uşaqlarda iştahanı artırır, gec yemə vərdişini gücləndirir və insulin müqaviməti riskini artırır. Bu isə gələcəkdə uşaqlıq dövrü obezitesinin yaranma ehtimalını yüksəldir. Ən sağlam yuxu vaxtı 21:00–07:00 aralığı hesab olunur.
Uşağın yuxu rejimini düzəltmək üçün bir neçə vacib qayda mövcuddur. Gündəlik sabit yatma saatının qorunması, hətta həftəsonu belə bu saatın dəyişdirilməməsi mühümdür. Yatmazdan bir saat əvvəl ekran istifadəsinin tam şəkildə qadağan olunması yuxu keyfiyyətini artırır. Otağın temperaturunun 19–21°C arasında olması daha rahat yuxu üçün əlverişlidir. Ağır və yağlı qidaların yatmazdan 2–3 saat əvvəl kəsilməsi tövsiyə edilir. Uşaq yatmazdan əvvəl oyun və dərs kimi aktiv fəaliyyətlərin dayandırılması və sakitləşdirici rejimə keçilməsi vacibdir. Gündüz 30–60 dəqiqə açıq havada fiziki fəaliyyət gecə yuxusunu yaxşılaşdırır. Uşağın yataq otağının yalnız yuxu üçün istifadə olunması da sağlam yuxu vərdişlərinin formalaşmasına kömək edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB