“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şamaxıda təbiət qoynunda təşkil olunan Azərbaycanın ən böyük gənclər festivalı “Yay Fest” çərçivəsində 18-22 avqust tarixlərində keçirilən “Müstəqillik tarixi” düşərgəsi müvəffəqiyyətlə başa çatıb. Bu həftə də respublikanın müxtəlif regionlarından olan 250 gənc beş gün boyunca bir araya gələrək unudulmaz düşərgə təcrübəsi yaşayıblar. Düşərgənin əsas məqsədi gənclərə Azərbaycan xalqının müstəqillik və ədalət uğrunda apardığı mübarizənin qəhrəmanlıq səhifəsini dərindən öyrətmək, onlarda vətənpərvərlik və dövlətçilik prinsiplərinə sadiqliyi aşılamaq, həmçinin gələcəyin liderləri kimi formalaşmaları üçün zəruri bilik və bacarıqlarını artırmaqdan ibarət olub. SİA xəbər verir ki, çadır formatında təşkil edilən düşərgənin proqramında dövlətimizin müstəqillik tarixinin gənclərə aşılanması və milli dövlətçilik dəyərlərinə bağlı gəncliyin yetişdirilməsi məqsədilə görüş, interaktiv fəaliyyətlər, motivasiyaedici sessiyalar və komanda oyunları həyata keçirilib. Təşkil olunan bütün fəaliyyətlər iştirakçı gənclərə ən böyük sərvətimiz olan müstəqilliyimizin qorunması və ölkəmizin inkişafında onların vətənpərvərliyinin, istedad və təşəbbüslərinin əvəzsiz rol oynadığını və ölkəmizin gələcəyinə birbaşa təsir etdiyini aşılayıb.
Düşərgə müddətində 20 Yanvar hadisələrinin canlı şahidi olmuş fotomüxbir Rasim Sadıxovla baş tutan “Tarixin kadrlarında” görüşü gənclərə müstəqilliyə gedən yolda yaşanan tarixi hadisələrin mahiyyətini və milli azadlıq uğrunda göstərilən fədakarlığın əhəmiyyətini daha dərindən hiss etdirib. İştirakçılar nadir fotoşəkillər və şəxsi müşahidələr vasitəsilə Azərbaycanın müstəqillik və suverenlik tarixini dərindən öyrənmək imkanı əldə ediblər.
Bununla yanaşı, “Texnoloji inkişaf: Sərhədsiz potensial” və “Beynin sirləri” panel görüşləri, interaktiv fəaliyyətlər - yoqa dərsləri, mini kətan üzərində rəsm master-klassı, airsoft təlimi, intellektual oyun, karate idman növü üzrə master-klass gənclərin şəxsi və peşəkar inkişafını dəstəkləmək, yaradıcılıqlarını artırmaq və motivasiya ruhunu gücləndirmək məqsədi daşıyıb. Eyni zamanda, düşərgə zamanı fləşmob keçirilərək iştirakçılar tərəfindən sülhün rəmzi olan göyərçin simvolu canlandırılıb.
Hər günün yekununda təşkil edilən konsert proqramı, musiqili müsabiqələr və ocaq ətrafında səmimi söhbətlər gənclər üçün şirin gənclik xatirəsinə çevrilib.
29 avqust tarixinədək davam edəcək “Yay Fest 2025” çərçivəsində ümumilikdə 2000-dən artıq gəncin iştirakı ilə “Milli-mənəvi dəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və Qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib Diplomatiya” mövzularında ardıcıl 8 düşərgə təşkil olunacaq.
Gənclər üçün ənənə halını alan və beçinci dəfədir ki, təşkil edilən Yay Fest Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Festivalın dinamik proqramına dair ən son yenilikləri və maraqlı məqamları izləmək üçün “Yay Fest”in instaqram səhifəsini (www.instagram.com/yayfest.az/) izləyə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə