İyulun 7-də Prezidentin təqdimatına əsasən Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinə yeni təyin edilən hakimlər - Otari Qvaladze, Fərhad Tutayuk, Rauf Quliyev və Rəşid Rzayev kollektivə təqdim olunublar.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təqdimat mərasimində çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm hadisə olmaqla, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. O, Konstitusiya Məhkəməsinin səlahiyyət müddəti başa çatmış hakimlərinin ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində uzun illər uğurlu fəaliyyətlərindən, məhkəmə-hüquq sistemində xidmətlərindən bəhs edərək, onların hər zaman yüksək peşəkarlıq nümayiş etdirdiklərini, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində səylərini diqqətə çatdırıb.
Sədr Konstitusiya Məhkəməsinin yeni hakimlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Təyin edilən hakimlər onlara göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edərək, gələcək hakimlik fəaliyyətlərində hüququn aliliyinin təmin olunması naminə səylərini əsirgəməyəcəklərini, yüksək hakim adını qorumaqla üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməyə çalışacaqlarını bildiriblər.
Sədr ölkəmizdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanmış hüquqi dövlət quruculuğundan, Prezident İlham Əliyevin məhkəmə-hüquq sahəsində həyata keçirdiyi mütərəqqi islahatlardan, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsindən, Konstitusiyanın aliliyinin təmin olunması və qorunması sahəsində atılan mühüm addımlardan bəhs edib.
Bütün xəbərlər Facebook səhifəmizdə