Televiziyanın sosial şəbəkə seqmentlərində aktuallığı və yeri

Son beş ildə internet resurslarında yaranan və formalaşan seqmentlərdə Azərbaycan televiziya platformalarının inkişafı sürətləndi və bu gün həmin məkanda reallığa çevrilməkdədir. Qeyd edim ki, tərəddüdlü peşəkar televiziya menecerlərinin zamanın çağırışlarına ləngimiş reaksiyası sosial şəbəkələrə keçid prosesini gecikdirən əsas amillərdən sayılır. Buna görədir ki, XXI əsrin üçüncü onilliyi yerli televiziyaların sosial şəbəkələrinin kütləvi kommunikasiya vasitəsi kimi bərqərar olunduğu beşillik zaman televiziya tariximizin yeni səhifəsidir. Sosial şəbəkələrdə televiziya mövzusu bu gün teletənqidçilərin aparıcı mövzularından biridir və ümumilikdə bu sahənin nə qədər aktual olduğunu təsdiq edir.

Mübahisəsiz qəbul edilən həqiqətlərdəndir ki, günümüzün statistik internet istifadəçisi sutka ərzində saysız-hesabsız videolara baxır. İstehsalçıların təkcə "YouTube" portalında hər dəqiqə 60 saat video yüklədiklərini və resursa ayda 1 milyard nəfərdən artıq istifadəçinin - planetin hər 7-8-ci sakininin daxil olduğunu nəzərə alsaq, ancaq bir platformanın nümunəsində qlobal internet bazarının gücünü görmək olar. Bu baxımdan milli televiziya kanallarımızın flaqmanı olan Azərbaycan Televiziyası (AZTV) üçün yüksək keyfiyyətli məhsul istehsalının aktuallığını şərtləndirən başlıca istiqamətlər bunlardır:

- məzmunun hədəf qruplarına effektiv şəkildə çatdırılması üsulları;

- potensial tamaşaçıların maraqları və həyat dəyərləri;

- sosial şəbəkələrdə televiziya yayımı üçün marketinq imkanlarının sərhədləri;

- İnternetdə, sosial şəbəkələrdə televiziya yayımı və medianın bu seqmentinin inkişafı ilə məşğul olan mütəxəssislər üçün elmi əsaslandırılmış tövsiyələrin formalaşdırılması.

Həmin məqsədə çatmaq üçün televiziyanın texniki və funksional təkamülünü izləməklə sosial şəbəkələrdə televiziya mediasının yaranmasının səbəbini və inkişaf tendensiyalarını proqnozlaşdıra bilmək, televiziyalar arasında oxşarlıq və əsas fərqləri müəyyənləşdirərək nəticələri perspektiv fəaliyyətimizdə tətbiq etmək, mövcud yerli və xarici analoji seqmentlərdə monitorinqlərin aparılmasını metodiki olaraq həyata keçirmək qaçılmazdır.

Məsələ bundadır ki, tezlik üçün lisenziyanın əldə olunması izləyicinin diqqətini cəlb etməyə zəmanət vermir. Üstəlik, bazara daha çox müasir kommunikasiya oyunçusu daxil olmaqdadır. Onlar klassik kanalların məzmununda dominantlığa nail olmağın yolunu masaüstü avadanlıqlar və cihazlarda, gözlənilməyən sürətlə təkmilləşən mobil telefonlarda görürlər. Bu isə yeni dalğanın üstündə gələnlərə öz iddialarını təsdiqləməklə bərabər, tamaşaçı ovunun müxtəlif cəlbedici metodlarını mənimsəmək üçün kifayət edən mühüm psixoloji üstünlük yaradır. Onlar üçün, nəinki "kino" məzmunu yoxdur və fon görüntüləri ilə işləməyi öyrənməsələr də, tamaşaçı üçün nə lazım olduğunu akademik formada əxz ediblər. Telekanalların itkisi bununla kifayətlənmir və "itirilənlərin" ikincisi, daha vacibdir: televiziya kanallarında, sanki "izləyici xəzanı" başlayıb, üstəlik, kreativ yanaşmalar ləngisə, bu, daha uzunmüddətli nəticələrə gətirib çıxaracaq.

Oxşar mövzuda aktual olduğu qədər də intensiv fikirlər səslənən platformalara ev sahibliyi edən ölkələrdən biri də vətənimiz Azərbaycandır. 2023-cü il iyul ayının 22-də Şuşada "Heydər Əliyev İli" çərçivəsində Azərbaycan Milli Mətbuatının 148-ci ildönümünə həsr edilən "IV Sənaye İnqilabı dövründə yeni media" mövzusunda Şuşa Qlobal Forumu bu mövzu ilə bağlı mühüm tədbirlərdən biri kimi yadda qaldı. 48 ölkədən 150-yə yaxın jurnalistin, həmçinin yerli və beynəlxalq səviyyəli media nümayəndələrinin iştirak etdiyi Forumun açılış mərasimində iştirakçıların suallarını cavablandıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məsələ ətrafındakı suala nə qədər konseptual, ölkə və dünya media qurucuları üçün yol xəritəsi olacaq fikirlər səsləndirdi. Ölkəmizin nüfuzlu ali məktəblərinin birində kommunikasiya sahəsi ilə bağlı çalışan müəllimin ölkə Prezidentinə ünvanlanan "Sosial şəbəkələrdən istifadə baxımından Siz sosial medianın rolunu necə görürsünüz və Siz ondan istifadə edirsiniz?", - sualına cavab ibrətamizliyi ilə yadda qaldı: "Mən sizə deyə bilərəm ki, ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrənirəm. Media ilə təmaslarımda həmişə deyirdim ki, siz mənim gündəlik işimdə mənə yardımçı olursunuz. Çünki hər bir Prezidentin bir-birinə bənzər fəaliyyəti var. Xüsusilə də Azərbaycan kimi ölkədə insan 24 saat işləməlidir və istənilən xəbərə, yaxşı və ya pis xəbərə hazır olmalıdır. Eyni zamanda fəaliyyətin miqyası o qədər böyükdür ki, bəzən bir də görürsünüz, cəmiyyətin nəbzini müəyyən qədər hiss etməmək olur, çünki cəmiyyətin nəbzini hər zaman hiss etmək lazımdır".

O da vurğulanmalıdır ki, kommunikasiya üzrə mütəxəssis sosial medianı "idarəolunan media"dan fərqləndirən və getdikcə sosiumu "heç bir maneəsiz və süzgəcsiz"liyinə görə cəlbediciliyini dilə gətirir. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda oxuduğu dövrlərdən bəri zamanın ən yeni kommunikasiya vasitələrinin imkanlarından bəhrələnən Prezident cənab İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də Forumda ona yönələn suallara cavablarında birmənalı və səmimidir: "Mən ölkədə səyahət edirəm, insanlarla görüşürəm və təbii ki, sosial mediadan istifadə edirəm. Azərbaycanda baş verən bir çox hadisələr və ya mənə məruzə edilməmiş bəzi faktlar, bürokratik maneələr, yaxud bilərəkdən mənə məruzə edilməyən müəyyən məsələlər olubdur ki, bu barədə nəvələrim mənə müəyyən məlumatları verirlər. Övladlarım sosial mediada gördüklərini mənə deyirlər və mən özüm də sosial medianı izləyirəm. Etiraf edim ki, iş qrafikimin gərginliyi səbəbindən müəyyən məsələlər diqqətimdən yayına bilər. Həm sosial media, həm ənənəvi KİV-lər mənə kömək edir ki, məsələlərdən xəbərdar olum və ona dərhal reaksiya verim".

Bu, ölkə Prezidentinin birinci növbədə yerli ənənəvi media qurucuları, menecerlərinə ismarış kimi qəbul edilməli və bazar iqtisadiyyatının bütün sosial sahələr üçün getdikcə aktuallaşan "qızıl qaydası"ndan yayınmağın mümkünsüzlüyünün ən dəqiq ifadəsidir.

Bu, daha çox özünəməxsus iqtisadi, siyasi, mədəni şəraiti olan oxşar təsisatların mövcudluğunu dünya tendensiyaları ilə ayaqlaşmaq məcburiyyətində qoymaqla yanaşı, sabitlik reallığından asılı olanların "yanlış başa düşülməmək" üçün atılan addımları ilə televiziyanın inkişaf səviyyəsinin ziddiyyətli qiymətləndirilmələrinə səbəb olur. Nəticə olaraq, sosial təfəkkürdə televiziya istehsalının böyük əksəriyyətində məzmunun aşağı səviyyədə olmasından narahatlıq ifadə olunur, digərləri isə televiziyanın sosial şəbəkə mediasından geriqalma riski barədə fikirləşirlər. Nəticədə neçə illərdir qaçılmaz yeniliklərlə "əbədi funksionallıq qaynağı" olan klassiklər arasında müasir televiziyanın inkişaf tendensiyaları ətrafındakı "Nə etməli?" sualı aktual olaraq qalır. Həm kütləvi kommunikasiya tədqiqatçıları, həm də müasir televiziya kanallarında çalışanlar arasında mübahisə və müzakirələrə səbəb olan bu suala hər iki tərəfin cavabı nə qədər arqumentli səslənsə də, yaranmış situasiyada dominantlıq ab-havası uzaq görünür.

Müasir telekanalların proqramlaşdırılması prinsiplərinin dominantlıq yayım şəbəkəsinin strukturlaşdırılmasında reytinq yanaşması siyasətində media bazarına əsaslı təsir edən tendensiyaların dəyişməsi qaçılmazdır. O dəyişikliklərdən yayınmaq intuitiv olaraq ortaya çıxan gerçəklik effektini saxlayır və bunun bariz ifadəsi Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nümunəsində müşahidə edilir. Bu baxımdan, yerli radiodan 30 il sonra, 1956-cı il fevralın 14-də fəaliyyətə başlayan Azərbaycan Televiziyasında ayrı-ayrı kontekstlərdə inkişaf daha dəqiq ifadə etsək, tamaşaçı ilə qurulan ünsiyyət formulasına baxmağımız maraqlı olardı.

"Böyük dövlət xadimlərinin fəaliyyət izi hər bir xalqın həyatının bütün sahələrində özünü göstərir", - deyimini xatırlatmaqla qeyd etmək yerinə düşər ki, Ana Televiziyamızın inkişafında yaddaqalan hadisələr Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dönəmə düşür. Ovaxtkı Azərbaycanın ictimai-siyasi və mədəni həyatına yeni texniki vasitə olaraq daxil olan Azərbaycan Televiziyası təkcə xalqın şərəfli tarixinin parlaq səhifələrinin təbliği ilə məşğul olmur, həm də milli-mənəvi dəyərlərimizin, yetişən gəncliyin şüurunda formalaşmasında başlıca missiyanı yerinə yetirirdi. Bunun vacibliyini nəzərdə tutan Ulu Öndər televiziyanın fəaliyyətinə xüsusi önəm verir, ilk növbədə, onun maddi-texniki bazasının möhkəmlənməsi, məzmun və forma cəhətdən yenilənməsi üçün iradəsini ortaya qoyur, yayım arealının genişləndirilməsinə hər cür dəstək göstərirdi.

İlk əvvəl xatırladaq ki, Azərbaycan Televiziya və Radiosu keçdiyi yolda qazanılan zəngin təcrübəsi ilə milli dəyərlər, dövlətçilik təfəkkürü əsasında yaradılmış məktəbə çevrilib və bu gün də ölkənin televiziya məkanında aparıcı rolunu saxlamaqdadır. İstər maddi-texniki bazasının zənginliyi, istərsə də uzun illərdən bəri formalaşan ən yaxşı ənənələr əsasında yetişən peşəkar yaradıcı heyəti ilə AZTV rəngarəng mövzuları, təqdimat formaları ilə seçilən, teleməkanda öz auditoriyasını qazanan, inkişaf yolunda yeni addımlar atan, gündən-günə mövqelərini möhkəmləndirən quruma çevrilməkdədir.

Prezident cənab İlham Əliyevin hamiliyi ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin bazasında 2009-cu il fevral ayının 1-də yaradılan "İdman", 2011-ci il fevral ayının 14-də təsis olunan "Mədəniyyət" telekanallarının fəaliyyətinin xüsusilə son illərdə Azərbaycan Televiziyasında aparılan islahatların nəticəsidir ki, onun efirində təqdim edilən, müxtəlif formatlarda və aktual mövzularda hazırlanan proqramları tamaşaçıları maraqla qarşılayırlar. 1926-cı ildə yaradılan, Şərqin ilk radiosu olan Azərbaycan Radiosu və 1941-ci ildə yaradılan, şərəfli yaradıcılıq yolu keçən Beynəlxalq Radio fasiləsiz yayım rejimində işləməklə bərabər, "YouTube" üzərindən də canlı yayımlanmaqdadır. Bu sırada İctimai-siyasi proqramlar Studiyasının hazırladığı, ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda baş verən aktual ictimai-siyasi hadisələrin təhlil olunduğu "Həftə", ölkədə baş verən diqqətçəkən məsələlər üzərində qurulan "Hədəf" və s. ancaq informativ deyil, həm də maarifçilik yükü olan proqramlardandır.

Hər gün 12 dəfə - 08:00, 09:00, 10:00, 12:00, 14:00, 16:00, 16:30 (iqtisadiyyat), 18:00 (rus dilində), 19:00 (region), 20:00, 00:00, 02:00 (ingilis dilində) efirə çıxan "AZTV XƏBƏR" proqramının ancaq ölkə daxilində deyil, həmçinin ölkə xaricində də stabil auditoriyası olması informasiyanın operativ və peşəkarlıqla çatdırılması ilə izah olunur.

Bunlarla bərabər, "Bu gün qazanılan istənilən uğurlarla kifayətlənmək gələcək tənəzzülün başlanğıcıdır", - deyimini yada salmaq lazım gəlir. O amili də unutmamaq gərəkdir ki, az qala, bütün televiziya proseslərinin internetləşdiyi indiki dövrdə televiziya və internet texnologiyalarının bir çox sahələrdə bir-birinə nüfuz etməsi üçün xüsusi şərait yaradılır. Təkcə televiziya tamaşasının yayım kanalı deyil, həm də istehlakçının bu məzmunla münasibətinin forması dəyişir. Əslində telekanalların yeni yayım paradiqması formalaşır. İnternet yayımı meydana çıxır, yəni televiziya məzmununun yeni kommunikasiya prinsipləri əsasında internetdə onlayn çatdırılması prosesinin iştirakçısına çevrilirik.

Azərbaycan telekanallarının internet yayımının eksperimental mərhələdən keçməklə çox vacib kütləvi informasiya vasitələri seqmenti kimi meydana çıxması adi qarşılanır. Eyni zamanda hər bir telekanal internet yayımının həyata keçirilməsi ilə yanaşı, onun inkişafı üçün bir çox motivlər yaradır və bu missiyanı da Azərbaycan Televiziyası uğurla aparır. Güman etmək lazımdır ki, yaxın gələcəkdə genişzolaqlı internet texnologiyalarının inkişafı qlobal şəbəkənin yayım keyfiyyəti ilə alternativ kanallar arasındakı sərhədləri siləcək. Bu, şübhəsiz ki, televiziya yayımının yeni inkişaf səviyyəsinə gətirib çıxaracaq və ona yeni perspektivlər verəcək.

Media diskursunun diqqətəlayiq mövzularından birinə çevrilmiş konvergensiya indi müxtəlif kontekstlərdə - sənaye hadisəsi, təşkilati və idarəetmə qərarlarının məcmusu jurnalist fəaliyyətinin yeni xüsusiyyəti, yeni medianın yaranması üçün ilkin şərt kimi nəzərdən keçirilir. Bu zaman interaktivlik (media ilə istifadəçilər arasında birbaşa əlaqə, müəllif-istehlakçı ünsiyyət modelində rolun inversiyası), hipermətn məzmunu (sistem tərəfindən birləşdirilən potensial sonsuz mətnlər toplusundan ibarət mətn), multimedia və transsərhəd (media redaksiyasının coğrafi yerindən asılı olmayaraq məlumatların yayılması, məhdudiyyətsiz potensial auditoriya) faktorları başlıca amil kimi diqqəti cəlb edir.

Təəssüf ki, internet resurslarının başlıca hərəkətverici qüvvəsi olaraq qəbul edilən sosial şəbəkələrdə televiziya yayımının spesifik xüsusiyyətləri hələ də Azərbaycanda elmin tədqiqat obyektinə çevrilməyib. Bu istiqamətdəki yazılar ən yaxşı halda mövcud faktların təhlili ilə kifayətlənir, perspektiv inkişaf yollarının elmi əsasları nadir hallarda qeyd edilir. Televiziya mediasının sosial şəbəkələrdə aparıcı platformalara çevrilməsi üçün praktiki tövsiyələrin hazırlanmasında teletənqidçilərimizin və bu sahədəki elm adamlarımızın lokomotiv olaraq rolu ya hiss olunmur, ya da qabarıq görünmür. Bu isə informasiya üstünlüklərinin öyrənilməsinə fəlsəfi yanaşmaların televiziya və sosial şəbəkələrdə kortəbii yaranan tendensiyaların yer tutmasına gətirib çıxarır.

Son olaraq qeyd edək ki, televiziyanın sosial şəbəkə seqmentlərində yeri və aktuallığı günümüzün əsas çağırışına çevrilib və bu amili qəbul etməmək heç bir televiziya üçün yaxşı nəsə vəd etmir. Buna görədir ki, AZTV üçün sosial şəbəkələrdəki alqoritmin öyrənilməsi taktiki deyil, strateji mahiyyət daşıyır. Bizim üçün sosial şəbəkələrin siyasi, iqtisadi, sosioloji, kulturoloji elmi təhlili ondan ibarətdir ki, yaşadığımız informasiya reallığında seytnot vəziyyəti ilə üzbəüz qalmayaq və qeyd edək ki, bu, ən azı, gələcək fəaliyyətimizdə növbəti addımlarımızı atmaq üçün həyati əhəmiyyət daşıyır. Hər bir televiziya üçün sosial dünyanın inkişafı ilə bağlı vəziyyəti düzgün qiymətləndirməmək, sosial şəbəkə platformalarının müasir insanın həyatındakı rolunu qəbul etməmək, mövcud olmaq perspektivini itirəcək qədər riskli davranışdır və AZTV öz fəaliyyətini bu gerçəkliyin diktəsi əsasında qurur.

Elməddin QULİYEV,

"Azərbaycan Televiziya və

Radio Verilişləri" QSC-nin şöbə rəisi.

Bütün xəbərlər Facebook səhifəmizdə