"Vikipediya" - internetdəki ən böyük və ən çox istifadə olunan açıq ensiklopediyadır. Bu ensiklopediyanın əsas xüsusiyyəti ondadır ki, hər kəs istədiyi məqaləni yaratmaq və ya mövcud məqalələrə düzəlişlər etmək hüququna malikdir. "Vikipediya" 2001-ci ilin yanvarında Jimmy Wales və Larry Sanger tərəfindən qurulmuşdur. Həmçinin, onun tərtibatı tamamilə könüllülərin işi ilə həyata keçirilir. "Vikipediya" dünyanın bir çox dilində mövcuddur. Hər dilə uyğun fərqli versiyaları vardır. "Vikipediya" zamanla böyük bir məlumat bazasına çevrilmiş və çoxsaylı istifadəçilər tərəfindən davamlı olaraq yenilənmişdir. Hər gün yeni məqalələr əlavə edilir və mövcud məqalələr mütəmadi olaraq təkmilləşdirilir.
Həmçinin "Vikipediya"da Azərbaycan dilində də olan yüz minlərlə məqalələr var. Lakin, əksər hallarda bu məqalələrdə müəyyən səhvlərə rast gəlinir. Bəs, "Vikipediya"dan istifadə edərkən diqqət yetirməli və ehtiyat etməli olduğumuz məqamlar nələrdir?
Mövzu ilə bağlı SİA-ya danışan Diaspor üzrə araşdırmaçı-ekspert, Elnur Eltürk bildirib ki, “Vikipediya” sərbəst ensiklopedik platformadır: “Bu gün internet resursu öz məşhurluğunu qoruyub saxlayır. “Vikipediya”nın dünyada populyarlığına səbəb yaradan əsas amillərdən biri hər kəsin məqalə yaratması və ya mövcud olan məqaləni zənginləşdirə bilməsi ilə bağlıdır. “Vikipediya” bizə bu imkanları yaradır. Əsas qaydaları bilmək lazımdır. Məqalə yaradarkən mövzunun ensiklopedikliyi daha çox önəm kəsb edir. Xüsusilə, istinadlar düzgün olmalıdır. Hər mövzuda məqalə yaratmaq olmaz. Mövzu ilə bağlı ciddi informasiyaya malik olmaq şərtdir. “Vikipediya”nın qaydaları bunu tələb edir. Bəzən baxırıq ki, hansısa bir şəxs özü haqqında məqalənin yaradılmasını istəyir. Bu şəxs ensiklopedik deyilsə, orada məqalənin olması düzgün deyil”.
Ekspert qeyd edib ki, məqalə yaratmamışdan öncə mütləq qaydaları mənimsəmək vacibdir: “Məqalələrdə səhv ola bilər. Bu normal haldır. “Vikipediya” bizə bu səhvləri düzəltməyə imkan verir. Yoxlanılmamış məlumatların orada öz əksini tapdığını görürük. Bu məsələdə bütün məqalələrə nəzarət etmək çətindir. Nəzərə alsaq ki, “Vikipediya”nın Azərbaycan dili bölməsində 200-mindən çox məqalə mövcuddur. 14 idarəçi (inzibatçı) fəaliyyət göstərir. Onların o qədər məqalələrə nəzarət etməsi çətindir. Mümkün olduğu nəzarət etməyə çalışırlar. Biz çalışıb aktiv və qaydaları ciddi şəkildə mənimsəyən könüllülərin sayını çoxaltmaq haqqında düşünməliyik. Bu həm də ümumi işin xeyrinə olacaq. Nə qədər istifadəçi olarsa, bir o qədər Azərbaycan dili bölməsi zənginləşəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə